Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Arif Məlikov
(1933)

A.Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm Respublikamızda, həm də onun hüdüdlarından qat - qat uzaqlarda əks - səda tapır, maraqla qarşılanır.

O, həqiqi - vətəndaş kimi özünün sənətilə dövrümüzün bir çox problemləri üzərində düşünməyə vadar edir. Ü.Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılq üslubunu yaratmışdır. Təsadüfü deyil ki, o, bu gün də dünya miqyasında müasir Azərbaycan musiqisini ləyaqətlə təmsil edənlərdən biridir.

Musiqinin ən müxtəlif janrlarında səmərəli və məhsuldar işləyən bəstəkar "Məhəbbət əfsanəsi" (N.Hikmət), "İki nəfər"(R.Rojdestvenski), "İki qəlbin poeması" baletləri, "Vətən" və "Dünyanın səsi" kantataları, VII simfoniyası "Ləpələr" operettası, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqisi ilə milli musiqi xəzinəmizi zənginləşdirmişdir.

A.Məlikov 1933-cü ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan o musiqi ilə yanaşı rəssamlığa da meyl göstərmişdi. Hətta rəsm texnikumuna daxil olmaq istəyirdi. Lakin musiqiyə olan maraq üstün gəldi. Bəstəkar 1948-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunun tar sinfinə daxil olur. Burada təhsil alarkən onda bəstəkarlığa böyük həvəs oyanır. Bu həvəs onu 1953-cü ildə konservatoriyanın bəstəkarlıq fakültəsinə gətirib çıxarır. Burada o, görkəmli sənətkar Q.Qarayevin sinfində təhsil alır və bu ünsiyyət bəstəkara bir sənətkar - şəxsiyyət kimi formalaşmaqda, sənətdə öz fərdi yolunu tapmaqda kömək edir.

Tələbəlik illərində A.Məlikov bir sıra iri həcmli əsərlər yazır: simfonik orkestr üçün "Balet süitası", "Nağıl" faciəsi, fleyta və orkestr üçün "Konsertino" və I simfoniya. Bu əsərlər ilk dəfə səsləndiyi gündən diqqəti cəlb edir və bəstəkarın böyük gələcəyindən xəbər verir.

1959-cu ildə Q.Qarayevin məsləhətilə Leninqrad opera və Balet teatrı A.Məlikova N.Hikmətin "Məhəbbət əfsanəsi" pyesinə balet yazmağı təklif edir. 26 yaşlı bəstəkar N.Hikmət, baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır. Premyeradan sonra əsər musiqi tarxində yeni söz, yeni mərhələ kimi qiymətləndirilir. Balet dünyanın 26 ölkəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

N.Hikmət lirikasının duyğular aləmi, fəlsəfi mahiyyəti A.Məlikovun diqqətini hər bir vaxt özünə cəlb edirdi. Buna görə də, 60 - cı illərdə onun yenidən N.Hikmət yaradıcılığına müraciət edib, romanslar silsiləsi yaratmağı təsadüfi deyildi. Bu silsiləyə 4 romans daxildir: "Şən", "Lay - lay", "Təəssürat", "Yarımı yuxuda gördüm". A.Məlikov burada N.Hikmət dühasının yaratdığı lirik - psixoloji aləmi, musiqinin rəngarəng çalarları ilə tərənnüm etmişdir.

Bəstəkarın T.Bayramın sözlərinə yazdığı "Vətən" vokal simfonik poeması nikbin, romantik əhval - ruhiyyəsi ilə fərqlənir.

60 - cı illərdə A.Məlikov da bütün müasir dünya bəstəkarlarını çuğlamış yenilik axtarışları dalğasına qoşulur. Bəstəkrın təfəkkür tərzi əsaslı şəkildə dəyişir və bu dəyişikliyin ilk bəhrəsini biz "Metamorfozlarda" görürük.

II simfoniyada öz müəllimi Q.Qarayev kimi həmişə yenilik axtarışında olan A.Məlikov müasir yazı texnikası olan dodekafoniyadan istifadə etmişdir. Burada muğam dramaturgiyasının prinsipləri yeni anlamda şərh olunur.

70 - ci illərdə bəstəkar III kamera simfoniyasını (15 solist üçün), IV simfoniyasını, 12 simfonik pyesini, "Axırıncı aşırım", "Yadda saxlayın" simfonik poemalarını bəstələyir.

Bəstəkarın yaradıcılığında simfonik əsərlərlə yanaşı, balet janrı da aparıcı rol oynamışdır. "Məhəbbət əfsanəsi"ndən sonra o, "2 nəfər" (librettosu R.Rojdestvenskinindir) və "İki qəlbin dastanı" (Ş.Rəşidovun kinossenarisi əsasında, lib.A.Məlikova məxsusdur) baletlərini qələmə alır. "İki qəlbin dastanı" baleti Daşkənddə və Kuybışevdə böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Əsər hind şairi, filosofu M.Ə.Bedilin (1644 - 1721) "Komde və Modan" poeması əsasında yazılıb. Qeyd etmək lazımdır ki, Komde və Modan haqqında əfsanənin motivləri ənənəvi şərq, o cümlədən, Azərbaycan əfsanələri və klassik ədəbiyyatın bir sıra motivləri ilə yaxından səsləşir. Məsələn, Modanın şəkil vasitəsilə Komdeyə vurulması bizə Xosrov və Şirin əfsanəsinin qəhrəmanı Xosrovu, Komdenin Modanın ona bağışladığı gülə müraciəti Leyli obrazını, onun ay və pərvanə ilə söhbətini, Modanın səhraya düşməsi Məcnunu xatırladır, ədalətli hökmdar ideyası isə bizə Nizaminin "İskəndarnamə"sini xatırladır.

80 - cı illərdə bəstəkar N.Hikmətin yaradıcılğına yenidən müraciət edir və bunun nəticəsində N.Hikmətin şeirləri əsasında ikinci vokal silsilə yaranır. 80-cı illərdə solo skripka üçün sonata, iki fortepiano üçün skertso əsərləri meydana gəlir.

A.Məlikovun yaradıcılığında onun kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqi də mühüm yer tutur. Onun "Sehrli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım" kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşasına, 5 seriyalı "Şahnamə" filminə yazdığı musiqi bu film və tamaşaların müvəffəqiyyətini təmin etmişdir.

A.Məlikovu bu qədər xalqa sevdirən, anlaşıqlı edən nədir? Onun son dərəcə milliliyi, xəlqiliyi, səmimiliyi.

A.Məlikov 30 ildən artıqdır ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik etmiş, Bəstəkarlar İttifaqının idarə heyyətinin üzvü olmuşdur.