Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Fikrət Əmirov
(1922 - 1984)

F.Əmirovun yaradıcılıq irsini vərəqlərkən bir daha görürsən ki, onun hər bir səhifəsi milli soykökümüzün musiqili tarix səlnaməsidir. Onun geniş diapazonlu yaradıcılıq qələminin məhsulu olan opera və baletlər, simfoniya və simfonik əsərlər, kamera və instrumental əsərlər, mahnı və romanslar, kino və dram tamaşalarına yazdığı musiqi Əmirovun bədii maraq dairəsinin genişliyindən xəbər verir.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əmirov uşaqlıqdan ədəbiyyata, xalq musiqisinə maraq göstərirdi. Bu da təsadüfi deyil. Onun atası o dövrdə tanınmış tarzən və bəstəkar olmaqla yanaşı, həm də Gəncədə ilk musiqi məktəbini yaradan mütəfəkkir pedaqoq idi. Milli musiqimizin incəliklərini, qədim musiqi aləti olan tarın sirlərini ona məhz atası öyrətmişdi.

İlk musiqi təhsilini Gəncədə alan bəstəkar 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Onun istedadına dahi Ü.Hacıbəyli yüksək qiymət verərək, onun təhsilinə xüsusi qayğı göstərir. Tələbəlik illərində gənc bəstəkar fortepiano üçün variasiyalar və prelüdlər, Lermontovun sözlərinə romans, "Ürəkçalanlar" (1944) və "Gözün aydın" (1946) musiqili komediyalarını, fortepiano və xalq çalğı alətləri orkestri üçün və A.Babayevlə birgə fortepiano, skripka və orkestr üçün konsertlərini yazır. Bu əsərlər onun maraq dairəsinin məhz simfonik janrlara və səhnə əsərlərinə olduğunu göstərir.

Onun ilk böyük simfonik əsəri "Nizaminin xatirəsinə" (1941) həsr olunmuş poemadır. 1943-cü ildə bəstəkar "Böyük vətən" adlı simfonik poemasını yazır və onu cəbhədə qəhrəmancasına həlak olmuş gənc istedadlı bəstəkar İsrafilzadəyə ithaf edir.

Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə F.Əmirov simli orkestr üçün 1947-ci ildə "Nizami" simfoniyasını yazır.

F.Əmirovun yaradıcılığında "Şur", "Kürd ovşarı", "Gülüstan-Bayatı  Şiraz" simfonik muğamları mühüm yer tutur.

Bəstəkarın digər simfonik əsərləri də milli simfonizmə böyük töhvədir. Onun aşıq musiqisinin  intonasiyalarını, xalq rəqslərinin oynaq, gümrah ruhunu ifadə edən "Azərbaycan süitası" (1950), kompozisiyasına görə simfonik muğamların (Süita - rapsodiya) formasını xatırladan "Azərbaycan kariççiosu" (1961), "Simfonik rəqslər"i (1961), eləcə də, "Azərbaycan qravürləri" (1977) janr - məişət simfonizminə aiddir.

Simfonik muğam ənənələrinin davamı olan "Nəsimi dastanı" (1973, yeni redaksiyası - 1977) xoreoqrafik poeması üçün faciəvilik, orijinal musiqi obrazları, dərin musiqi dramaturgiyası səciyyəvidir. Bəstəkarın "Xəzəri fəth edənlər" (1976) vokal xoreoqrafik poeması zəhmətkeşlərin fədakar əməyinə həsr olunmuşdur.

Əmirov instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarlarındandır. Onun ərəb mövzuları əsasında fortepiano ilə orkestr üçün konserti (1957, bəstəkar E.Nəzirova ilə birgə) gözəl, təravətli musiqisi, orkestrovkası və fortepiano partiyasındakı orijinal tapıntıları ilə fərqlənir.

Əmirov kamera – vokal və instrumental musiqi janrında yazdığı fortepiano üçün 2 prelüd, 12 miniatür, Ü.Hacıbəyli və A.Zeynallının xatirəsinə həsr edilmiş elegiya, 2 ekspromt və s. instumental əsərləri, "Ulduz", "Gülərəm gülsən", "Azərbaycan elləri", "Mən səni araram", "Reyhan", "Gülür ellər" və s. romans və mahnıları məşhurdur.

Əmirov bir sıra dram tamaşalarına ("Şeyx Sənan", "1905 – ci ildə", "Vaqif", "Xanlar", "Cavanşir" və s.) və kinofilmlərə ("Şəhər", "Böyük dayaq", "Mən ki gözəl deyildim" və s.) musiqi bəstələmişdir.

Bəstəkarın 1953-cü ildə yazdığı "Sevil" operası milli opera sənətinin inkişafında yeni bir mərhələdir. Milli opera sənətində lirik – psixoloji əsərlərin təməl daşını qoyan bu əsərdə qəhrəmanların taleyi inqilabi hadisələrlə sıx əlaqədə verilir.

1979-cu ildə F.Əmirov şərq nağıllarının motivləri əsasında "Min bir gecə" baletini yazır.

Əmirovun milli musiqi dili, ritmi, təfəkkürü ilə cilalanmış yaradıcılığı daim gənc bəstəkarlar üçün böyük məktəb və ilham mənbəyi olaraq qalacaqdır.