Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Niyazi
(1912 - 1984)

Niyazinin yaradıcılıq fərdiyyəti özündə yüksək dirijorluq və bəstəkarlıq istedadını birləşdirir. Bir dirijor kimi onun sənətində "görmək və eşitmək bacarığı", alətlərin kompozisiyasını, xarakterini və həcmini bilmək, başlıcası isə, xüsusi istedad kimi mühüm komponentlər birləşmişdir.

Niyazi özünün çoxşaxəli bəstəkarlıq yaradıcılığı ilə də milli musiqimizin inkişafında əhəmiyyətli rol oynamışdır. Müxtəlif janrları əhatə edən əsərlər son dərəcə rəngarəngdir, musiqi uslubu isə özünün orijinallığı ilə fərqlənir.

Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912 - ci ildə Tiflisdə anadan olmuşdur. Onun atası Zülfüqar Hacıbəyov o dövrdə məşhur teatr xadimi, "Aşıq Qərib", "Evlikən subay", "Əlli yaşlı cavan" operettalarının müəllifi idi. Əmisi Ü.Hacıbəyli artıq o dövrdə məşhur bəstəkar, istimai musiqi xadimi, publisist kimi tanınırdı. Beləliklə, Niyazinin həm bir insan kimi, həm də musiqi dünyagörüşünün formalaşmasında bu iki şəxsiyyətin rolu əvəzsizdir.

1926-cı ildə Niyazi Ü.Hacıbəylinin məsləhəti ilə Moskvaya gedir və orada Qnesin adına texnikuma daxil olur (Qnesinin sinfinə).

1929 -31-ci illərdə isə o, Leninqrad mərkəzi musiqi texnikumunda Q.Popovun və P.Ryazanovun rəhbərliyi altında bəstəkarlıq dərslərini davam etdirir.

1933 - cü ildən Niyazi bəstəkarlıq fəaliyiyyətinə başlayır. "Od içində" fortepiano poemasını, talış mövzularında fortepiano pyesləri silsiləsini və milli simfonik musiqimizin ilk əsərlərindən olan "Zaqatala süitası"nı yazır.

1934-cü ildə o, Bəstəkarlar İttifaqının üzvü seçilir. Bir il sonra böyük nəzəri və praktiki əhəmiyyətə malik olan mühüm bir yaradıcılıq problemi həll edilir. İlk dəfə olaraq "Rast" və "Şur" muğamları nota salınır (C.Qaryağdıoğlunın ifasından). Bununla da muğamların nota yazıla bilməməsi haqqında o illərin mürtəce nəzəriyyələri təkzib edilir.

İlk yaralıcılıq addımlarından o film və teatr tamaşalarına musiqi yazır. Bunlardan Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "1905 ildə", "Almaz", Korneyçukun "Platon Kreçet" dram tamaşalarına, "Almaz" filminə yazılmış musiqi parçalarını xatırlamaq lazımdır.

Bir dirijor kimi Niyazi Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1939) M. Maqomayevin "Nərgiz" operasında müvəffəqiyyətlə çıxış edir. Həmən ildən o, Azərbaycan dövlət simfonik orkestrinin rəhbəri və dirijoru təyin olunur. O vaxtdan 1984-cü ilədək bu kollektivin fəaliyyəti Niyazinin adı ilə bağlı olur.

30-cu illərin sonu 40-cı illərin əvvəllərində Niyazi orkestr üçün "Rəqs süitası"nı, konsert "Ləzginkası"nı, Vətən müharibəsinə həsr edilmiş "Döyüşdə" üvertüra - fantaziyasını (1943), "Xatirə" lövhəsini (1944) bəstələyir. Mahnı janrında bəstəkarın "Arzu", "Bahar", "Mənim gülüm" kimi əsərləri diqqətəlayiqdir.

Niyazi öz yaradıcılığında səhnə əsərlərinə xüsusi diqqət yetirir. 1940-cı ildə onun "20 - ci il" (librettosu M.Rəfilinindir) bir pərdəli qəhrəmanlıq plakat - operası meydana gəlir.

Bəstəkarın 1942 - ci ildə Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsəri üzrə yaratdığı "Xosrov və Şirin" operası milli opera sənətinin maraqlı səhifələrindəndir.

1962-ci ildə Kuybışev opera və balet teatrının səhnəsində bəstəkarın Rabindranat Taqorun əsərlərinin motivləri əsasında "Çitra" baleti tamaşaya qoyulur (lib. N.Danilovundur).

Niyazinin dirijorluq fəaliyyəti, onun hamını heyran edən plastik əlləri onun adını nəinki ölkəmizdə, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda tanıdır.

Spesifik dirijorluq istedadına malik Niyazinin ifaçılıq simasına yüksək musiqi zövqü, mədəniyyəti, möhkəm iradə xasdır.

Niyazinin təfsirləri həmişə əsərlərin ideya emosional məzmununun dərindən dərk edilməsi və parlaq surətdə açılıb göstərilməsi ilə, qeyri - adi coşgunluğu və əfsunlayıcı ehtirası ilə fərqlənir. O, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin ilk təfsirçisidir.

Niyazi Ü.Hacıbəylinin "Koroğlu", F.Əmirovun "Sevil" operalarına, Q.Qarayevin "Yeddi gözəl", A.Məlikovun "Məhəbbət əfsanəsi" baletlərinə, V.Adıgözəlovun III simfoniyasına, A.Əlizadənin "26 - lar kantatası"na və bir çox başqa milli əsərlərə, klassik repertuarda,P.İ. Çaykovskinin simfoniyalarına, operalarına ("Yevgeni Oneqin", "Qaratoxmaq qadın"),A.P.Balakirevin,N.A. Borodinin, N.Rimski - Korsakovun,A.Dvorjakın, K.Debüssinin,M. Ravelin əsərlərinə çox böyük məharətlə dirijorluq etmişdir. Niyazinin interpretasiyasında bu əsərlərin musiqisi ən ülvi, dəyərli sərvət kimi, ətraf mühiti dərk etməyin və əks etdirməyin təzahürü kimi başa düşülür. Bu interpretasiyalarda elə bir musiqi möcüzəsi baş verir ki, bu da insanların mənəviyyatca kamilləşməsinə, onlarda gözəllik və ülvilik duyğularının tərbiyə olunmasına kömək edir.

Niyazinin səsi dünyanın müxtəlif güşələrindən - İran, Rumıniya, Macarıstan, Türkiyə, Fransa, İngiltərə, Çexoslovakiyadan gəlirdi. Onun şəxsiyyəti və yaradıcılığı xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. O, Xalq Artisti adına, Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülmüşdür.