Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Bəhlulzadə Səttar Bəhlul oğlu
Xalq rəssamı

(15.12.1909, Bakı yaxınlığındakı Əmircan kəndi – 14.10.1974, Moskva; Əmircan kəndində dəfn edilmişdir) – Azərbaycan rəssamı, müasir Azərbaycan Boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərbaycan Əməkdar İncəsənət xadimi (1960). Azərbaycan Xalq Rəssamı (1963). Azərbaycan Dövlət Mükafatı Laureatı (1972).

Azərbaycan Rəssamlıq Məktəbində (1927-31) və Moskva Dövlət Rəssamlıq İnstitutunda (1933-40) təhsil almışdır.

V.A.Favorski və Q.M.Şeqalın tələbəsi olmuşdur. Bəhlulzadə yaradıcılığa «Kommunist» qəzetində Ə.Əzimzadənin rəhbərliyi ilə başlamış, 1931-33 illərdə müasir məzmunlu ilk karikaturaları çap olunmuşdur.

Təhsildən qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri («Babək üsyanı», «Fətəli xan», «Xəttat Mir Əli» və s.) əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-47 illərdə respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri («Buzovna neft mədənləri», «Əmircan» və s.) nümayiş etdirilmişdir.

Mənzərə janrında bir sıra gözəl əsər yaratmışdır: «Bakıda atəşfəşanlıq» (1947), «Qudyalçay sahili», «Qudyalçay vadisi» «Qızbənövşəyə gedən yol» (1953), «Doğma düzənliklər» (1955), «Yuxarı Daşaltı» (1955), «Yaşıl xalça», «Cıdır düzü» (1957) və s.

Bu mənzərələrində Bəhlulzadə tədricən rəng palitrasını zənginləşdirmiş, tablolarında koloritin dekorativliyinə nail olmuşdur. Bəhlulzadənin yaradıcılığında «Neft Daşları» mənzərə silsiləsi xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan «Xəzər üzərində axşam» (1958), «Xəzər gözəli» (1960), «Əbədi məşəllər» (1963), «Kəpəzin göz yaşları» (1965), «Vətənimin baharı» (1967), «Azərbaycan nağılı» (1970), «Suraxanı atəşgahı» (1970), «Əfsanəvi torpaq» (1971), «Şahnabat» (1973), «Naxçıvan. Axşamçağı Ordubad bağlarında» (1974) və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət motivləri başlıca yer tutur.

«Torpağın arzusu» (1964), «Nağıl», «Abşeron tacı» (1970) və s. tablolarında Bəhlulzadə Abşeron təbiətinin təsvirini vermişdir. Azərbaycanın səfalı güşələri onun lirik mənzərələrində real əksini tapmışdır.

Bəhlulzadənin mənzərələrində poetik əhvali-ruhiyyə və kompozisiya quruluşu, işlətdiyi boyalarda isə kolorit gözəlliyi güclüdür. Əsərlərində real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirir. Mənzərələrinin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur.

Bəhlulzadənin qrafik rəsmləri də var. 1964 ildə Praqada qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdur. Bəhlulzadənin tabloları Respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilmiş, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən təsviri sənət sərgilərində nümayiş etdirilmişdir.

Əsərləri: R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva, Yerevan və s. şəhərlərin muzeylərində saxlanılır. 2 Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.