Axundov İsmayıl Hüseyn oğlu
Əməkdar incəsənət xadimi
1907-ci il aprelin 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. O, 1921-ci ildə kənd məktəbini bitirib, Bakı Pedaqoji texnikumuna daxil olmuş, 1924-cü ildən isə eyni zamanda rəssamlıq məktəbində oxumuşdur.
İ. Axundov 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirdikdən sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakultəsinə daxil olmuşdur. 1932-ci ildə o Bakıya qayıtmış, Azərbaycan Dövlət Nəşriyyatın qrafika bürosuna rəhbərlik etməyə başlamışdır. Bu illər ərzində kitab qrafikası sahəsində işləyərək Azərbaycan ədəbiyyatı klassiklərinin bir sıra əsərlərinə tərtibat və illüstrasiyalar vermişdir.
İ. Axundov 1937-ci ildən 1940-cı lə qədər Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru, 1940-cı ildən Nizam Gəncəvi adına Ədəbiyyət Muzeyinin direktoru və baş rəssamı olmuşdur.
İ. Axundov teatr-dekorasiya sahəsində özünü istedadlı tərtibatçı rəssam kimi tanıtmışdır. O, 1937-ci ildən M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında və Respublikanın başqa teatrlarında işləmiş, bir sıra tamaşalara tərtibat vermişdir. C. Cabbarlının «Yaşar» (1932 - 1933), M. F. Axundovun «Hacı Qara» (1938), S. Vurğunun «Vaqif» (1938), A. N. Ostrovskinin «Günahsız müqəssirlər» (1943), İ. Axundovun ən yaxşı işlərindəndir.
O, siyasi plakat sahəsində də geniş fəaliyyət göstərmiş, xüsusilə Böyük Vətən müharibəsi illərində «Agit-pəncərə» üçün 100-dən artıq antifaşist plakat çəkmişdir.
İ. Axundov 1952-ci ildən satirik «Kirpi» jurnalında əməkdaşlıq etmişdir.
1960-ci illər İ. Axundovun yaradıcılığı üçün daha məhsuldar olmuşdur. O bu illərdə N. Hikmətin «Şöhrət və ya unudulan adam» (1960), S. Rəhmanın «Əliqulu evlənir» (1961), M. Hüseynin «Alov» (1963), C. Cabbarlının «Oqtay Eloğlu» (1966), M. F. Axundovun «Musyo Jordan və dərviş Məstəli şah» (1969) tamaşalarına geyim eskizləri çəkmiş və səhnə tərtibatı vermişdir.
İ. Axudov Ümumittiaq Kənd Təsərrüfatı Sərgisində Azərbaycan SSR pavilyonunun baş rəssamı olmuşdur. Bir sıra yubiley sərgilərinin bədii tərtibatı da İ. Axundova təpşırılmışdır.
Təsviri incəsənət sahəsindəki xidmətlərinə görə ona Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1940), SSRİ Dövlət mükafatı layreatı (1944), Azərbaycan SSR Xalq Rəssamı kimi (1960) fəxri adlar verilmiş, «Şərəf nişanı» və Qırmızı əmək Bayrağı ordeni ilə (1967) təltif olunmuşdur.
O, bir neçə il Azərbaycan Rəssamlar İttifaqının sədri və məsul katibi vəzifəsində çalışmış, Bakı Şəhər Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
İ. Axundov 1969-cu il sentyabr ayının 13-də Bakı şəhərində vəfat etmişdir.
|