Dövlət teatrları
Azərbaycan Dövlət Rus Dram Teatri
Bakida XIX əsrin sonlarından daimi fəaliyyət göstərən rus truppaları olub. Onlardan ən fəalı və ən uzunömürlüsü Polonskinin rəhbərlik etdiyi teatr dəstəsi idi. Bu kollektiv iyirmi ildən çox Tağıyev teatrında çalışıb. Özünün sabit repertuarı, zəngin rekvizit və geyim sexləri, çoxlu hazır dekor-tərtibatları olan truppa həftədə beş gün tamaşa göstərib. Məhz Polonskinin razılığı və icazəsi ilə Tağıyev teatrının binası cümə günləri azərbaycanlıların müxtəlif teatr dəstələrinə kirayə verilib. 1918-ci ilin fevral ayında bina dəhşətli yanğına məruz qalıb. Bundan sonra truppa dağılmağa başlayıb. 1920-ci ilin yazında Rusiyanın "Yarasa" teatrı Bakıya qastrola gəlib. Aprel ayında Qırmızı ordunun Azərbaycanı işğal etməsi ilə bağlı "Yarasa" teatrının qastrolu yarımçıq qalıb, kollektiv dağılıb. Truppanın bəzi üzvləri vətənə qayıtmayaraq Bakıda qalıblar. Onların və yerli aktyorların qüvvələri ilə sovet ideologiyasını təbliğ etmək məqsədilə Bakıda Dövlət Azad Tənqid və Təbliğ Teatrı ("Satiragit" teatrı) yaradılıb. Yaradıcılıq qayəsi sırf ideologiya üzərində qurulan teatr ilk tamaşasını 1920-ci il dekabr ayının 20-də göstərib. Birinci tamaşanın proqramına estrada janrına uyğun olan "Lenin rapsodiyası", "Tutuquşu", "Karusel" kiçik həcmli səhnəcik-kompozisiyalar daxil idi. Teatrın repertuarı tez-tez dəyişilirdi və onun əsasını təbliğat xarakterli və kiçikhəcmli pyeslər təşkil edirdi. Teatr Bakının fəhlə rayonlarına müntəzəm qastrollara çıxırdı. Tədricən yaradıcılıq xarakteristikası dəyişən kollektiv 1923-cü ildə Bakı İşçi Teatrı (bəzən Bakı Rus İşçi Teatrı yazılıb) adlanıb. Repertuarda inqilabi xarakterli pyeslər üstünlük təşkil edirdi. Teatr öz repertuarına əsasən SSRİ-nin müxtəlif şəhərlərində fəaliyyət göstərən eyni xarakterli sənət ocaqlarında oynanılan pyesləri daxil edirdi. Bu baxımdan "Lyubov Yarovaya" (Konstantin Trenyov), "Zirehli qatar 14 - 69" (Vsevold İvanov), "Hücum" (Vladimir Bill-Beloserkovski), "Çörək" və "Küləklər şəhəri" (Vladimir Kirşon), "Nikbin faciə" (Vsevold Vişnevski), "Ana" (Maksim Qorki), "Mənim dostum" və "Sürət" (Nikolay Poqodin), "İntervensiya" (Lev Slavin), "Platon kreçet" və "Eskadranın məhvi" (Aleksandr Korneyçuk), "Şöhrət" (Vasili Qusev), "Çantalı adam" (Aleksey Fayko) tamaşaları teatrın yaradıcılığında xüsusi yer tutub. İnqilabi ideologiyanın təbliği sahəsində xidmətlərinə və yaradıcılıq uğurlarına görə 1930-cu ildə teatra Qırmızı Bayraq ordeni verilib. Teatrın adı afişalarda və tamaşa proqramlarında Bakı Qırmızıbayraqlı İşçi Teatrı kimi yazılıb. Tədricən yaradıcılıq xarakteristikası dəyişən, mövzu dairəsi, janr axtarışları genişlənən teatr 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə kollektivə şair-dramaturq Səməd Vurğunun adı verilib. Keçdiyi 85 İllik yaradıcılıq yolunda ADRDT-nin əlvan və zəngin repertuarı olub. Onu şərti olaraq üç bölümə ayırmaq olar: Dünya klassiklərinin məşhur əsərlərinin tamaşaları; rus klassiklərinin pyeslərinin tamaşaları; çağdaş dünya və rus dramaturqlarının müasir mövzulu dram əsərlərinin tamaşaları; Azərbaycanın kiassik və müasir sənətkarlarının pyeslərinin tamaşaları. Azərbaycan müəlliflərinin tamaşaya qoyulmuş və uğur qazanmış səhnə əsərləri: "Xırs quldurbasan" və "Lənkəran xanının vəziri" (Mirzə Fətəli Axundzadə), "Şeyx Sənan" (Hüseyn Cavid), "Aydın", "Sevil" və "1905-ci ildə" (Cəfər Cabbarlı), "Vaqif", "Fərhad və Şirin" və "Xanlar" (Səməd Vurğun), "Şərqin səhəri" (Ənvər Məmmədxanlı), "Kəndçi qızı" (Mirzə İbrahimov), "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev), "Sən nə üçün yaşayırsan?..", "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli), "Xəzər üzərində şəfəqlər" və "Ömür elə qısadır ki..." (İmran Qasımov), "Sahillər və talelər" (Nəbi Xəzri), "Gecə yarısı kim gələcək?" (Maqsud və Rüstəm İbrahimbəyov), "Ultimatum", "Park", "Yaşıl qapı arxasında qadın", "İstintaq", "Qum üzərində ev", "Bir ailə üçün yaylaq evi", "Öz yolu ilə" (Rüstəm İbrahimbəyov), "Şəhərin yay günləri" (Anar), "Ah, Paris... Paris!.." və "Mənim ərim dəlidir" (Elçin), "Qətl günü" (Yusif Səmədoğlu). Ünvan: Bakı şəhəri, Əfzələddin Xaqani, 7 Telefon: (+994 12) 493-00-63, (+994 12) 493-76-54, (+994 12) 493-40-48, (+994 12) 493-42-42, (+994 12) 498-62-81 Faks: (+994 12) 493-76-54 E-poçt: rdt@azdata.net Vebsayt: www.rusdrama-az.com
|