Dövlət teatrları
Naxçivan Dövlət Musiqili Dram Teatri
1882-ci ildə Eynalı bəy Sultanovun rəhbərliyi ilə "Ziyalılar cəmiyyəti" təşkil olunub. Cəmiyyətin üzvləri Eynalı bəyin rəhbərliyi ilə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaçılara göstəriblər. Həmin tarix Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaranma tarixi kimi qeyd olunur. 1887-ci il sentyabrın 2-də müəllim Mirzə Sadıq Qulubəyovun rəhbərliyi ilə Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" məsxərəsi oynanılıb. Hacı Nəcəf Zeynalovun evində göstərilən tamaşanı Cəlil Məmmədquluzadə və Əliməmməd Xəlilov hazırlayıblar. Əsas rolları Cəlil Məmmədquluzadə (Molla İbrahimxəlil), Ələkbər Süleymanov (Şeyx Salah), Məmmədtağı Səfərəlibəyov (Molla Həmid) ifa ediblər. Bu tamaşadan sonra şəhərdə teatr həvəskarları nisbətən fəallaşıblar. İl ərzində bir neçə tamaşa oynanılıb. Novruz və Orucluq bayramlarında göstərilən tamaşalar daha təmtəraqlı keçib. Yay tətillərində başqa şəhərlərdə oxuyan tələbələr tətilə gələndə tamaşa və konsertlərin göstərilməsi prosesi daha da canlanıb. 1900-1920-ci illərdə Naxçıvanda Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu", "Millət dostları", "Ac həriflər", Nəriman Nərimanovun "Nadir şah", Cəlil Məmmədquluzadənin "Ölülər" dramları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Rəşid bəy Əfəndiyevin vodevilləri, Nikolay Qoqolun "Müfəttiş", İvan Turgenevin "Pulsuzluq" tərcümələri, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu" operaları, "Məşədi İbad", "Ər və arvad", "Arşın mal alan", Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay" operettaları dəfələrlə tamaşaya hazırlanıb. Tamaşalara rejissorluğu, əsasən, Rza Təhmasib, Böyük xan Naxçıvanlı, Fərəculla və Nəsrulla Şeyxovlar ediblər. Səhnə əsərləri müntəzəm şəkildə oynanılmayıb, ilk növbədə bayramlarda, müxtəlif mərasimlərdə göstərilib. Naxçıvanda 1917-ci ildə "El güzgüsü" (rəhbəri Rza Təhmasib) və "İmdad" dram dəstələri yaradılıb. Bakıdan qastrola gələn Hüseyn Ərəblinski, Cəlil Bağdadbəyov, Sidqi Ruhulla, Mirzağa Əliyev, Tiflisdən dəfələrlə bu bölgəyə səfər edən Zülfüqar bəy Hacıbəyov teatr dəstəsinin, onun musiqi heyətinin formalaşmasında səmərəli işlər görüblər. 1915-ci ildə Tiflis Rəssamlıq Məktəbini bitirmiş Bəhruz Kəngərli müəyyən teatr dekorları hazırlayıb, asma pərdələrə müxtəlif mənzərələr çəkib. Truppaya Rza İsfəndiyarlı, Heydər Muradov, Muxtar Nəsirov, Hacı Nəsirov, Məşədi Bağırov, Teymur Qasımov kimi bacarıqlı gənclər cəlb olunublar. Teatr truppası 1920-ci il avqustun 24-də yeni və daha güclü heyətlə fəaliyyətə başlayıb. Səməd Mövləvinin Naxçıvana gəlişi teatr prosesində canlanmanı artırıb. 1923-cü ildə Naxçıvan Mərkəzi İcraiyyə komitəsinin qərarı ilə şəhərdəki teatr həvəskarlarının qüvvəsilə Naxçıvan Dövlət Dram Teatrı yaradılıb. Kollektiv ilk addımını Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyası ilə atıb. Əsas rolları truppanın özəyini təşkil edən yaradıcı qüvvələrdən Əli Xəlilov (Hacı Qara), Həsən Səfərli (Heydər bəy), T.Səfərli (Sona), Mirhəsən Mirişli (Ohan yüzbaşı), A.Qasımov (naçalnik), Heydər Muradov (Səfər bəy), H.Məmmədov (Kərəməli) oynayıblar. Tamaşaya rejissorluğu Həsən Səfərli edib və səhnə tərtibatını Adil Qazıyev verib. Dövlət teatrı kimi fəaliyyətə başlayandan sonra kollektivin qarderobu zənginləşdirilib, əlbəsə və rekvizit sexləri yaradılıb.
Tamaşalar əvvəlcə həftədə iki-üç dəfə göstərilirdi. 1930-cu illərin əvvəllərindən isə həftədə beş və bəzən altı əsər oynanılmağa başlandı. 1924-1950-ci illərdə dram əsərlərindən Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan", "Lənkəran xanının vəziri", Nəriman Nərimanovun "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Bəxtsiz cavan", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Od gəlini", "Sevil", "Almaz", "Yaşar", "1905-ci ildə", Hüseyn Cavidin "Şeyx Sənan", "Knyaz", "Səyavuş", Mirzə İbrahimovun "Həyat", Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Süleyman Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev, 26 Telefon: (+994 365) 5-25-89
|