Dövlət teatrları
Sumqayıt Dövlət Musiqili Dram TeatrıAzərbaycan Respublikasının Nazirlər Soveti 12 mart 1968-ci ildə Sumqayıtda Dövlət Gənclər Teatrı yaradılması barədə qərar verdi. Bunun əsasında Respublika Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə teatr yaradıldı. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin son kursunda təhsil alan tələbələrin əksəriyyətinin təyinatı Sumqayıta verildi. Onların və şəhərin daha bacarıqlı dram həvəskarlarının gücü ilə təzə səhnə sənəti kollektivi formalaşdırıldı. İnstitutun aktyor və rejissor sənəti müəllimi, Bakının, Gəncənin, Naxçıvanın Dövlət Teatrlarında maraqlı quruluşlar vermiş Nəsir Sadıqzadə teatra baş rejissor təyin edildi. İyul ayında bu vəzifəni tutmuş rejissor kollektivə bir il rəhbərlik etdi. 1 avqust 1968-ci ildə kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında gənc kollektiv ilk məşqinə başladı. Yeni kollektiv bir il Sumqayıt Dövlət Gənclər Teatrı adlandı. 1970-ci ildə kollektivə görkəmli rejissor və aktyor Hüseyn Ərəblinskinin adı verildi. Sənət ocağı Sumqayıt Dövlət Dram Teatrı adlandırıldı. Teatrın rəsmi və təntənəli açılışı 14 mart 1969-cu ildə Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və Dərviş Məstəli şah» komediyasının tamaşası ilə oldu. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, rəssamı İsmayıl Axundov, Emin Mahmudov idi. Mahnıların mətnini şair Zeynal Cabbarzadə yazmışdı. Martın 15-də isə gənc kollektivin üzvləri Amerika dramaturqu Con Patrikin «Qəribə missis Səviç» tragikomediyasını oynadılar. Əsəri Novruz Gəncəli tərcümə etmiş və Nəsir Sadıqzadə tamaşaya hazırlamışdı. Tamaşanın rəssamı Arif Əsgərov, bəstəkarı isə Moris Ravel idi. Maraqlı səhnə təsviri verilmiş tamaşada əsas rolları Zərnişan Fətəliyeva (Missis Səric), Vaqif Əliyev və Nazir Əliyev (Semuel) Vaqif Rəsulov və Kamil Məhərrəmov (Tit) oynayırdılar. Monumental tamaşalar yaratmaq istiqamətində teatrın «Toy» (Sabit Rəhman) və «Müsibəti Fəxrəddin» (Nəcəf bəy Vəzirov) tamaşaları daha cazibədar və daha bitkin alınmışdı. Mənim qəti qənaətimə görə «Müsibəti Fəxrəddin» faciəsi teatrın qırx illik yaradıcılığında ən dəyərli sənət əsərlərindəndi. Ümumiyyətlə bu quruluş həmin faciənin Azərbaycanın müxtəlif teatrlarındakı onlarca quruluşu içində orijinal forma həllinə və məzmun şərhinə görə seçilir. Sumqayıt teatrı keçdiyi 40 illik yaradıcılıq yolunda milli klassiklərimizin və çağdaş dramaturqlarımızın əsərləri ilə yanaşı, müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə yaşayıb-yaratmış əcnəbi müəlliflərin maraqlı dram, faciə və dramlarına da öz repertuarlarında yer ayırıb. İngilis Vilyam Şekspirin və Vilyam Leyesin, rus Nikolay Qoqolun, Mixail Lermontovun, Sergey Mixalkovun, Vasili Şukşinin, Gennadi Bokarevin, qırğız Çingiz Aytmatovun və Maar Bayçiyevin, gürcü Nodar Dumbadzenin, Merab Beredzenin, Aleksandr Çxaidzenin, osetin Georgi Xuqayevin, tatar Azad Abdullayevin, osmanlı ədibləri Rəşad Nuri Güntəkinin və Nazim Hikmətin, fransız Jan Batist Molyerin və Jan Kverin, amerikan Con Patrikin və Tennsi Vilyamsın, belarus Andrey Makayonokun, bolqar Panço Basbəyorrun, eston Eqon Rannetin, qazax Şahmet Xusianovun, türkmən Hüseyn Muxtarovun və digərlərinin əsərləri teatrın repertuarını bəzəyib.Nobel mükafatı laureatları Hervard Kiplinqin («Öz xoşuna gələn pişik»), Con Qolsuorsinin («Birincilər və sonuncular»), Alber Kamyunun («Ağlasığmaz faciə»), Yucin O Nilin («Qarağaclar altında məhəbbət») əsərləri müxtəlif illərdə Sumqayıt teatrının repertuarını bəzəyib. Kollektiv respublikada keçirilən müxtəlif xarakterli festivallarda uğurla çıxış edib. Teatrın bir neçə tamaşası Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunub. Teatrın istedadlı aktyorları bədii filmlərə çəkilirlər. Televiziya tamaşalarında müxtəlif şou proqramlarda səylə çıxışlar edirlər.Sumqayıt teatrının janr əlvanlığı təkcə axtarış cəhdləri kimi dəyərləndirilə bilməz. Bu meyl ciddi yaradıcılıq səylərinin və cəsarətinin əlvan mövzu problematikada özünün parlaq təcəssümünü tapıb. Bununla belə, qeyd etməliyəm ki, mənim fikrimcə teatrın adına və yaradıcılıq funksiyasına, musiqili sözünün artırılması uğurla nəticələnməyib. Çünki truppada peşəkar vokal ifaçılarının olmaması mürəkkəb partiyaların ifasını müşkülə salır. Bu kollektiv ilk növbədə Dövlət Dram teatrıdır və bu janr üslubda öz simasını yaradıcılığının ilk illərindən təsdiqləyib. Təsdiqlədiyi konseptual prinsipləri getdikcə daha da cilalayır və onu yüksək sənət meyarları əsasında formalaşdırır. Aiddir: Nazirliyin tabeçiliyində Ünvan: Sumqayıt şəhəri, Azadlıq prospekti 21 Telefon: (018)655-23-69 E-poçt: Sumqayitdram@mail.ru Vebsayt: www.sumqayitdram.az
|