Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Gəncə Dövlət Dram Teatrı

 

Gəncə şəhərində teatr sənətinə ilk maraq on doqquzuncu əsrin sonlarında yerli ziyalılar tərəfindən göstərilib. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. Yerli ziyalı, müəllim, dramaturq, milli teatrşünaslıq elmimizdə ilk kitabçanın müəllifi Mirzə Məhəmməd Axundzadə (Axundov. 1876 - 1923) teatr prosesinin canlanınasında səmərəli işlər görüb. Onun "Səd Vəqqas" ("Səd ibn Vəqqas") pyesi Bakı və Tiflis teatr truppalarında da oynanılıb. Teatr həvəskarlarının əsas məqsədləri maarifçilik ideyalarını təbliğ etmək, şəhərdəki məktəblərdə oxuyan kasıb şagirdlərə yardım göstərmək, kitabxanalara mətbuat nümunələri və kitablar almaq üçün vəsait toplamaq idi. Ziyalıların təşəbbüsü ilə 1906-cı ildə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb. 1909-cu ildən başlayaraq Bakı aktyorları Hüseyn Ərəblinskinin, Sidqi Ruhullanın, Hüseynqulu Sarabskinin, Cəlil Bağdadbəyovun yığcam dəstələrlə Gəncəyə qastrol səfərləri teatr prosesini daha da canlandırıb. Belə mədəni əlaqələr sayəsində Gəncədə yaşayan Məşədi Cəmil Əmirov "Seyfəlmülk" operasını yazıb. 1920 - 1932-ci illərdə truppanın fəaliyyətində yeni mərhələ başlayıb.

Repertuarda Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Xırs quldurbasan" və "Molla İbrahimxəlil kimyagər", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", "Pəhlivanani-zəmanə" və "Ağa Kərim xan Ərdəbili", Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu" və "Ac həriflər", Nəriman Nərimanovun "Nadir şah", "Bahadır və Sona" və "Dilin bəlası" ("Şamdan bəy"), Hüseyn Cavidin "Maral", "İblis", "Şeyx Sənan" və "Knyaz", Cəfər Cabbarlının "Aydın", "Vəfalı Səriyyə", "Oqtay Eloğlu", "Sevil" və "Od gəlini", Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Ər və arvad", "Məşədi İbad" və "Arşın mal alan", tərcümə pyeslərindən Şəmsəddin Saminin "Dəmirçi Gavə", Jan Batist Molyerin "Don Juan" və "Vasvası xəstə", Vano Mçedaşvilinin "Qaçaq Kərəm", İvan Turgenevin "Pulsuzluq" dram, faciə, komediya, opera və operetta əsərləri mühüm yer tutub.

Qadınlar, dəmiryolçular, həmkarlar klublarında güclü dram dərnəkləri olub. 1920-ci illərin sonlarında peşəkarlıq baxımından nailiyyətlər qazanan həvəskarlar arasında Adil İsgəndərov, İbrahim Həmzəyev, Barat Şəkinskaya, Qulam Qoşqarlı, Mikayıl Davudov, Kərim Sultanov, Əsəd Şeyxzamanov, Abbas Məmmədov, İsmayıl Əfəndiyev kimi gələcəyin böyük sənət ustaları vardı. Hətta Adil İsgəndərovla İbrahim Həmzəyev Bakı Teatr Məktəbində təhsil almışdılar. Onlar 1932-ci ildə Gəncədə Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrı açmaq üçün təşəbbüs göstərmiş və bir neçə tamaşadan ibarət maraqlı repertuar hazırlamışlar. Lakin 1932-ci il dekabrın 28-də respublika mətbuatında Bakı Türk İşçi Teatrının Gəncəyə köçürülməsi barədə geniş materiallar verilib və bu, həvəskarların təşəbbüslərini başqa formada reallaşdırıb.

BTİT-nin yaradıcı heyəti Gəncəyə 1933-cü ilin yanvarında gəlib. Müxtəlif texniki avadanlıq, dekorasiyalar, rekvizit və butafor ehtiyatı yanvarın 4-də və 5-də gətirilib. Teatr üçün şəhərdə əlverişli bina yox idi, nisbətən yararlı klub isə təzə kollektiv üçün yanvar ayından təmirə dayandırılmışdı. Buna görə də "Sınema" kinoteatrı DDT-yə verilib. Teatrın yaradıcı heyətinə yerli həvəskarlardan da xeyli istedadlı gənc qəbul olunub. Teatrın Bakı repertuarının əsas tamaşaları yeni aktyorlar əlavə olunmaqla bərpa edilib. Teatrın baş rejissoru Abbasmirzə Şərifzadə iki ay yarım ərzində Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "Yaşar", Aleksandr Şirvanzadənin "Namus" dramlarını tamaşaya hazırlayıb. Bu əsərlərdən, həmçinin bərpa olunmuş "Hind qızı" (Əbdülhəq Hamid), "Özgə uşağı" (Vasili Şkvarkin), "Cancur Səməd" (Jan Batist Molyer), "Fahişə" (Viktor Marqaret) tamaşalarından ibarət repertuarla teatr 1933-cü ilin mart ayında ilk pərdələrini tamaşaçılara açıb.

Elə bu il teatrın nəzdində aktyor studiyası təşkil edilib. Həmçinin məktəb şagirdlərinin və yeniyetmələrin teatr sənətinə maraqlarını formalaşdırmaq məqsədilə truppanın daxilində Gənc Tamaşaçılar Teatrı Şöbəsi təşkil edilib. Gənc aktyor Əjdər Sultanov oraya bədii rəhbər təyin olunub. Şöbə tezliklə öz repertuarını qurub və burada oynanılan pyeslər əsasən Bakıdakı GTT-nin repertuarından götürülüb. Təmir olunan bina 1935-ci ilin sonlarında təhvil verilib və bu münasibətlə teatrın təzə məkanında dekabr ayının 25-də təntənəli iclas keçirilib. Səhərisi gün isə teatra yenicə baş rejissor təyin olunmuş Yusif Yulduzun quruluşunda Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramının ilk tamaşası göstərilib. 1942-ci ilin payız teatr mövsümünə qədər Həbib İsınayılov, İsmayıl Əfəndiyev, Ağəli Dadaşov, Həsən Ağayev teatrda müxtəlif müddətlərdə baş rejissor işləyiblər. Bu müddətdə teatr tamaşaçılara Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Cəfər Cabbarlının "Almaz", "Sevil", "1905-ci ildə", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə İbrahimovun "Həyat", "Madrid", Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", Qurban Musayevin "Şərqin qalası", Məmmədhüseyn Təhmasibin "Bahar", Jan Batist Molyerin "Jorj Danden", Mixail Lermontovun "İki qardaş", Fridrix Şillerin "Qaçaqlar", Aleksandr Puşkinin "Daş qonaq", Vilyam Şekspirin "Otello", Lev Şeynin və Tur qardaşlarının "Üzləşdirmə", Georgi Mdivaninin "Vətən namusu" pyeslərinin müxtəlif janrlarda hazırlanan tamaşalarını və neçə-neçə digər səhnə əsərini təqdim edib. 1942-ci ildə teatrın sıravi rejissoru Mehdi Məmmədov Gəncə DDT-yə baş rejissor təyin olunub. O, iki il əvvəl Moskvada ali rejissor təhsili almışdı. Mehdi Məmmədovun dörd ilə yaxın baş rejissorluq fəaliyyəti teatrın müasirlik axtarışlarını yeni məcraya salıb, onun poetika göstəricilərinin əsas estetik prinisiplərini formalaşdırıb. Yeni yaradıcılıq üslubunu yaradaraq onu inkişaf etdirən teatr 1950-ci illərin sonlarına kimi həmin istiqamətdə müəyyən yaradıcılıq uğurları qazanıb.

Aiddir: Nazirliyin tabeçiliyində

Ünvan: Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə, 54

Telefon: (+994 222) 56-51-88, (+994 222) 56-58-88, (+994 222) 56-46-03