Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Füzuli Dövlət Dram Teatri

Füzuli bölgəsinin zəngin teatr ənənəsi var. Belə ki, Qaryagin Musiqili Dövlət Dram Teatrı XX əsrin 10-cu (1913-1914) illərində yarandı.

Bu teatrın səhnəsində S.Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, M.Əliyev, S.Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdullayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oktay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı (Respublikanın əməkdar artisti), Ələkbər Məmmədov, Fəhruz Əliyev kimi sənətkarlar yetişmiş, əvəzedilməz obrazları ilə teatr səhnəsində böyük iz qoymuşdular.

Bu teatrın səhnəsində Ü.Hacıbəyovun, "Əsli və Kərəm", "Leyli və Məcnun", N.B.Vəzirovun "Hacı Qənbər", S.Vurğunun "Vaqif", M.İbrahimovun "Həyat", C.Cabbarlının "Almaz", "Oktay Eloğlu", A.Şaiqin "Vətən", İ.Əfəndiyevin "Bahar suları" və s. əsərlər əsasında maraqlı tamaşalar oynanılmışdır. Daha sonra Hüseynqulu Sarabski Qaryagin qəzasından Dövlət Dumasına deputat seçilmiş, teatr 1940-1953 illərdə ustad sənətkarın şərəfinə onun adını daşımışdır. H.Sarabski öz sevimli "Məcnun" rolunu Qaryagin Musiqili DDT-nın səhnəsində dəfələrlə oynamışdır.

1953-cü ildə Sarabski DDT müəyyən səbəblər üzündən bağlandı. Teatr bağlansa da öz fəaliyyətini xalq teatrı formasında davam etdirdi. Ürəkləri sənət eşqi ilə yanan aktyorlar özlərinə xalq teatrı yaratmaqla şərəfli sənət yolunu davam etdirdilər.

Daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyul 1989-cu il tarixli 292 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 3459/1 saylı əmri ilə 1989-cu il avqust ayının 4-də Füzuli Dövlət Dram Teatrı yarandı. Azərbaycan SSR Mədəniyyət Nazirinin 312/k N-li əmri ilə əvvəllər Füzuli rayon Mədəniyyət evinin direktoru işləmiş Vəliyev Vaqif Zülfü oğlu teatrın direktoru təyin edildi.

Əvvələr Naxçıvan və Mingəçevir teatrlarında işləmiş Novruzov Aqil teatrın quruluşçu rejissoru, Rzayev Anasim teatra baş mühasib, Əliyev Elçin teatrın baş inzibatçısı, Nizami Əliyev teatrın quruluş hissə müdiri, Mübariz Piriyev teatrın ədəbi hissə müdiri təyin edildi. Teatra ilkin aktyor qəbulu üçün musabiqə keçirildi. Musabiqənin nəticələrinə görə aşağıdakılar teatrın aktyor heyətinə daxil edildilər. Mələksima Həsənova, Abdulla Abdullayev, İntizar Quliyeva, Məryəm Məmmədova, Asif Şirinov, Nizami Əliyev, Tofiqə Məmmədova, Hamlet İskəndərov, Fəxrəddin Salmanov, Əmiraslan Quliyev, Allahyar Əliyev, Vaqif Rəhimov, Dilarə Bəşirova, Lətifə Quliyeva və başqaları.

Füzuli teatrı müxtəlif tamaşa proqramları ilə M.F.Axundzadənin "Hacı Qara" , İ.Əfəndiyevin "Unuda bilmirəm", "Bahar suları", V.Şuksin "Diribaş adamlar", S.Səxavət "Qapıların o üzündə qalan dünya", S.S.Axundov "Eşq və İntiqam", S.Rəhman "Toy", L.Rəşidzadə, "Toya bir gün qalmış", M.Qacar "Qabanın səfəri", A.Məmmədov "Həmyerlilər", "Kişilər", Ə.Haqverdiyev "Dağılan tifaq", A.P.Çexov "Təklif", N.B.Vəzirov "Sonrakı peşmançılıq fayda verməz" və s. tamaşalarla çıxış edib.

1992-ci ildən rayona ermənilər tərəfindən ara-sıra hucumlar edildiyindən həmin ilin fevral ayından Füzuli teatrı öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində davam etdirməli oldu. Horadizdə normal yaradıcılıq məşqləri və normal iş ahəngi məlum işgalla əlaqədar 1993-cü il 23 avqust tarixə, Füzuli teatrı Sumqayıta köçürülənə kimi davam etdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 192 saylı əmri ilə Füzuli teatrı Sumqayıt şəhərində H.Ərəblinski adına SDDT-nın yerləşdiyi S.Vurğun adına Mədəniyyət sarayında məskunlaşdı. 2003-cü ilin noyabr ayına kimi teatr öz fəaliyyətini Sumqayıtda davam etdirdi.

Bu on il ərzində teatrda 40-dan çox maraqlı,yaddaqalan tamaşalar hazırlandı. Teatr dəfələrlə Azərbaycanın Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və s. rayonlarında qastrol səfərində oldu, festivallarda çıxışları ilə fərqləndi.

16 dekabr 1999-cu il Füzuli Dövlət Dram Teatrı Azərbaycan Teatrının yaranmasının 125 illiyi münasibətilə keçirilən "Milli klassika festivalı"nda C.Cabbarlı "Aydın" tamaşası ilə çıxış etdi və festivalın xatirə hədiyyəsinə layiq görüldü.

2000-ci il aprel ayının 3-də Füzuli Dövlət Dram Teatrı Bakıda 10 illik yubileyini keçirdi.

8 iyun 2002-ci ildə Füzuli Dövlət Dram Teatrı Bakıda TXİ-nın keçirdiyi "Üfüq XXI" Mono tamaşalar festivalında N.Vəzirov "Dərvişin harayı" və C.Bekket "Krepin sonuncu lent yazısı" mono tamaşaları ilə çıxış etdi.

2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonun Horadiz qəsəbəsinə qayıtdı. Teatr Mədəniyyət Nazirliyinin və Füzuli rayon İcra Hakimiyyətinin razılığı ilə Horadiz qəsəbəsi mədəniyyət evinə köçürüldü. Teatr A.P.Çexovun "Ayı", L.Rəşidzadənin "Toya bir gün qalmış", yeni quruluşda S.Axundovun "Bəndalı bəndə düşüb", A.Şaiqin "Bir saat xəlifəlik", R.Tomanın "Tələ", C.Məmmədquluzadə "Kamança", T.Məmmədov "Ana abidəsi", C.Məmmədov və F.Məhərrəmovun "Sevməyə vətən yaxşı", S.M.Qənizadənin "Nabəkar qonşu", İ.Məlikzadə "Subaylarınızdan görəsiniz",A.Səfərlinin "Qarabağım qan ağlar" və s. tamaşalar hazırlayıb.

7 aprel 2010-cu ildə teatr Bakı şəhərində Teatr Xadimlər İttifaqının təşkil etdiyi Milli Teatr festivalında S.Axundovun "Bəndalı bəndə düşüb" tamaşası ilə çıxış etdi.

Bu gün teatr əsaslı təmirdən çıxan Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərir.Teatrın direktoru Vaqif Vəliyev, direktor müavini Habil Hacıyev, baş rejissoru Asif Şirinov, baş rəssamı Ellinaz Balaşova, ədəbi hissə müdiri Şəlalə Kərimova, musiqi hissə müdiri Nizami Süleymanovdur. Hazırda teatrın repertuarında 60-dan çox əsərlərə səhnə həyatı vermişdi.

İ.Əfəndiyevin "Unuda bilmirəm" (qur.rej.Asif Şirinov), S.Dağlının "Oyun bitdi" (qur.rej.Vaqif Rəhimov), Q.Rəsulovun "Məhəbbət oyunu" (qur.rej.Vaqif Rəhimov), Y.Əzimzadə "Nəsrəddin" (qur.rej.Vaqif Rəhimov), İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" (qur.rej.Asif Şirinov), S.S.Axundovun"Tamahkar" (qur.rej.Asif Şirinov), "Şahsənəm və Gülpəri" (qur.rej.Asif Şirinov), N.B.Vəzirovun "Daldan atılan daş topuğa dəyər" (qur.rej.Asif Şirinov), H.Mirələmovun "Vicdanın hökmü" (qur.rej.Asif Şirinov), Ə.Əmirlinin "Onun iki qabırğası" (qur.rej.Vaqif Rəhimov) və s.

Teatr 2012-ci ildə İ.Əfəndiyevin "Unuda bilmirəm" (qur.rej.Asif Şirinov), M.F.Axundzadənin anadan olmasının 200 illik yubleyi ilə əlaqədar hazırlanmış "Hacı Qara" (qur.rej.Asif Şirinov) tamaşalarını hazırlayıb, bədii şuraya təqdim edib. Hal-hazırda teatrda Ə.Əmirlinin "Yeddi məhbusə" (qur.rej.Vaqif Rəhimov) əsərinin məşqləri gedir.

Ünvan: Füzuli şəhəri, Ş.Orabiz, 20 yanvar küç.20

Telefon: (+994 141) 5-54-64