Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




İrəvan Dövlət Azərbaycan Dram Teatri

İrəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan teatrını iki mərhələdə təqdim edib öyrənmək lazımdır. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. İkinci mərhələni isə kollektivin Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib.

Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş İrəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlannda meydan tamaşaları, "Kosa-kosa", "Qaravəlli" və müxtəlif mərasim oyunları göstərilirdi.

1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" Pyesini tamaşaya hazırlayıb. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulub. Həmin əsər ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. Əsas rolları müəllim və şagirdlərdən Mizrə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasquluxanov (Fətəli Mirzə), Məşədi İsmayıl" (Hacı Fərəc) oynayıblar. Hər iki hadisə İrəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub. Teatr prosesini unudulmağa qoymayan ziyalılardan biri də Məşədi İsmayıl olub və o, 1883-cü il mart ayının 10-da İrəvan sakini Rzayevin "Könülsüz nigah" birpərdəli didaktik pyesini tamaşaya qoyub. İki il sonra görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər seminariyasının müəllimi Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayıb. Onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşiblər. Onlar Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşaçılara göstərilməsinə nail olublar. İrəvan teatr həvəskarları tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (21 mart 1888), təkrar quruluşda "Müsyö Jordan və dərviş Məstəli şah" (4 aprel 1890), "Hacı Qara" (20 oktyabr 1894), Rzayevin "Könülsüz nikah" (17 fevral 1890), Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" (10 may 1892), "Qırt-qırt" (30 noyabr 1893), Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" (7mart 1895) pyesləri tamaşaya hazırlanıb.

Tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları Təkinskilər, Qazıyevlər, İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstəriblər. Səhnəyə ilk dəfə 1897-ci ildə çıxan, istedadını tezliklə göstərə bilən Yunis Nuri 1890-cı ildən rejissor və aktyor kimi aparıcılığı ələ alaraq peşəkar teatrın daha da canlanmasına, tamaşaların il ərzində əvvəlkilərlə müqayisədə daha çox göstərilməsmə nail olub. Pənah xan Makinski isə səhnə həvəskarlarını xurafatın, nadanlığın fitnəkarlığından qorumaq üçün tamaşaların oynanılmasını öz sarayında təşkil edib. İyirminci əsrin əvvəllərində isə teatr tamaşaları "İctimai yığnaq" ("Ziyalılar klubu" da deyilib), Canpoladov qardaşlarının teatr binalarında da oynanılıb. Artıq müəyyən birlik yaranmış truppada Hüseyn Salmanov, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəf bəy Şəfibəyov, Kərim Əhmədov, Əli Məhzun Əkbərov, Mir Abbas kimi həvəskar aktyorlar vardı.

1900-1917-ci illərdə İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. Bu illərdə Bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb Qafqazın ayrı-ayrı şəhərlərinə, o cümlədən İrəvana qastrol səfərlərinə çıxıblar. Hüseyn Ərəblinskinin, Əbülfət Vəlinin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Cəlil Bağdadbəyovun, bəstəkar Zülfüqar bəy Hacıbəyovun İrəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq səciyyələrinə yiyələnmələrinə təkan verib.

Bakıdan və Tiflisdən fərqli olaraq, səhnəyə azərbaycanlı qızı İrəvanda daha erkən çıxıb. Qəssab Əsədin qızı Tamara 1916-cı ildə göstərilən Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasında Gülçöhrə rolunu oynayıb. Bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi. 1918-1927-ci illər İrəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir.

1928-ci il mart ayının 15-də "İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə" dövlətin qərarı olub. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılıb. Truppanın əsasını yerli həvəskarlar təşkil edib və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunublar.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Jan Batist Molyerin "Zorən təbib" komediyası seçilib. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. Bununla da İrəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədii estetik cəhətdən daha sanballı mərhələsi başlanıb.

Aiddir: Nazirliyin tabeçiliyində

Ünvan: Həsrət Ağamalıyev, 5

Telefon: (+994 12) 412-51-43

Faks: (+994 12) 412-62-31