Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1920-ci ilə qədər Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin uşaqlara həsr etdikləri şeirlər çap olunmuşdu, Süleyman Sani Axundov müxtəlif nağıl-hekayələr yazmışdı. Müxtəlif jurnallar məhz məktəb həyatını işıqlandırırdı. Müəyyən dərsliklər də yazılırdı, məxsusi uşaqlar üçün folklor nümunələri tədris və təbliğ olunurdu. Bütün bunlara baxmayaraq, sırf uşaq və yeniyetmələrin estetik maraq dairəsini ehtiva edən, onların dünyagörüşlərinin formalaşmasına təkan verən pyeslər hələ yaranmamışdı və bu işə göstərilən maraqları da hələlik səmərəli nəticə verməmişdi.Həmin istiqamətdə yaradıcılıq prosesinin genişlənməsi üçün 1923-cü ildən başlayaraq Bakı dəniz limanında, keçmiş Tağıyev toxuculuq kombinatında, bügünkü Səttərxan adına zavodda və bir sıra digər müəssisələrdə, uşaq evlərində pioner təşkilatları fəaliyyətə başladılar.

Teatr özünün ilk pərdələrini 30 yanvar 1930-cu ildə Mustafa Mərdanovla Rza Təhmasib tərəfindən tərcümə olunmuş "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə açdı. Tamaşanın rejissoru Qriqori Kornelli idi. Məşq prosesində pyes təbdil olundu və hadisələr Azərbaycana köçürüldü. Məhərrəm Haşımov (Karl), Məmmədağa Dadaşov (Dadaş), Zinyət Abbaszadə (Faşist qız), Yusif Dadaşov (Musa), Mina Abdullazadə (Türk qızı) əsas rolları oynayıblar.

1932-1933-cü il teatr mövsümündən başlayaraq teatrın üzvləri Zəfər Nemətov, Əliməmməd Atayev, Cəfər Cəfərov, Şamil Məlikyeqanov, Məmmədağa Dadaşov kiçik həcmli pyeslər yazıb teatra təqdim etdilər. 1936-cı il iyun ayının 18-də Xalq Maarif Komissarlığının əmri ilə teatrın adı dəyişdirildi.

Müəyyən bitkin repertuar qura bilmiş kollektiv Gənc Tamaşaçılar Teatrı adlandı. Bu, adicə addəyişmə deyildi. Eyni zamanda teatrın növbəti yaradıcılıq qayəsinin estetik prinsiplərini, tamaşaçı auditoriyasının tərkibini müəyyənləşdirdi. Sözsüz ki, təzə adla fəaliyyətə başlayan kollektiv oyun üslubunda, ifadə vasitələrində, janr axtarışlarında, forma həllində də yeni yaradıcılıq pilləsinə qədəm qoydu. Həmin keçid dövrü və 1940-cı illər Gənc Tamaşaçılar Teatrı üçün aşağıdakı sənət nailiyyətləri və yaradıcılıq uğurları ilə xarakterizə olunur. GTT öz ətrafında məktəblilərin, yeniyetmələrin zövq və psixologiyasının formalaşmasına xidmət göstərən dramaturqlar dəstəsi toplaya bildi. Bir-birinin ardınca Mirmehdi Seyidzadənin "Nərgiz", "Qızıl quş", "Ayaz", Abdulla Şaiqin "Xasay", "Eloğlu", "Vətən", "Ana", "Fitnə", Əbil Yusifovun "Babək", "Ramiz", "Od içində", Əyyub Abbasovun "Azad", "Cəbhəyə əmr", "Məlik Məmməd", "Bahar nəğməsi", "Sevinc", Səttar Axundovun "Çətin dərə", "Tayqa", "Dönməz" pyesləri tamaşaya qoyuldu.

1930-cu ilin sonlarından başlayaraq teatr tamaşaların estetik təsir gücünü artırmaq, ifadə vasitələrini zənginləşdirmək, emosional duyğulara təkan vermək üçün milli bəstəkarlarımızla yaradıcılıq əlaqəsi qurdu. Tofiq Quliyev, Niyazi, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Soltan Hacıbəyov, Əşrəf Abbasov mürəkkəb tamaşalara musiqi bəstələdilər. 1950-ci ildən başlayaraq teatrın yaradıcılığında yeni estetik mərhələnin inkişafına təkan verildi. Teatr öz repertuarını dörd məqsəd-prinsipdə qururdu: məktəbəqədər uşaqlar üçün tamaşalar; azyaşlı məktəblilər üçün tamaşalar; yuxarı sinif şagirdləri üçün tamaşalar; yeniyetmə gənclər üçün tamaşalar. İlbəil teatrla yaradıcılıq ünsiyyəti yaradan dramaturqların sayı Yusif Əzimzadənin, Cabbar Məcnunbəyovun, Səttar Axundovun, Rauf İsmayılovun, Əfqan Əsgərovun, İsgəndər Coşqunun, Xanımana Əlibəylinin, Qeybulla Rəsulovun, Məmmədhüseyn Təhmasibin, Əkrəm Əylislinin, Əli Əmirlinin, Elçinin müxtəlif janrlı, müxtəlif mövzulu pyeslərinin tamaşaları ilə artıb genişləndi.

 Artıq teatrda Altay Seyidov, Fuad Xəlilov, Fuad Qafarov, Tahir Tahirov, Elçin Məmmədov kimi rəssamlar psixoloji-romantik, realist-psixoloji, romantik-monumental tamaşa formalarında təcrübə toplaya bilmişdilər. Rejissorlardan Ulduz Əliyeva (Rəfili) yaradıcılığının monumental səciyyələri, Azər Paşa Nemət cəsarətli janr axtarışları, milli teatr poetikası ilə çağdaş Avropa teatrı prinsiplərini qovuşuq harmoniyada həll edə bilməsi, Ağakişi Kazımov psixoloji realizmə lirik və emosional duyğular aşılaması ilə seçilirdilər. Müharib Tağıyev, Həsən Əbluc, Möhsün Mürsəlov, Vaqif Əsədov, Rafiq Merdinli (Əliyev) teatrda müxtəlif üslublarda tamaşalar hazırlayıblar. Mərhum sənətkarlardan Yusif Vəliyev, Osman Hacıbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Məmmədağa Dadaşov, Süsən Məcidova uzun illər teatrın repertuar ağırlığını öz çiyinlərində daşımışlar. Hazırda teatrda kollektivin ifaçılıq ənənələrini ləyaqətlə davam etdirən və fərdi oyun estetikası ilə seçilən Firəngiz Şərifova, Solmaz Qurbanova, Sona Babayeva, Xuraman Hacıyeva, Tariyel Qasımov, Ağaxan Salmanov, Rafiq Hüseynov, Mübariz Əlixanoğlu, Rahib Əliyev, Lətifə Əliyeva, Almaz Əhmədova (Mustafayeva), Yasin Qarayev, Ədalət Məmmədov, Nübar Novruzova kimi ayrı-ayrı yaş nəslinə mənsub aktyorlar vardır. Müxtəlif yaş dövrlərini əhatə edən tamaşaçıların estetik təfəkkürlərinin, zövqlərinin, gözəllik duyumlarının, sənət anlamlarının formalaşmasında Gənc Tamaşaçılar Teatrı mühüm rol oynayıb və bu istiqamətdə səmərəli fəaliyyətini davam etdirməkdədir. Hal - hazırda GTT-yə Mübariz Həmidov rəhbərlik edir.

Ünvan: Bakı şəhəri, Nizami Gəncəvi, 72

Telefon: (+994 12) 493-79-28, (+994 12) 493-88-52

Faks: (+994 12) 493-88-52

E-poçt: g.t.teatr@mail.ru