Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Azərbaycan Dövlət Kukla Teatri

 

Azərbaycanda Kukla Teatrının dövlət səviyyəsində təşəkkülünün təşəbbüskarı və yaradıcısı Mollağa Bəbirli olub. O, 15 sentyabr 1905-ci ildə Bakıda doğulub. On yeddi yaşından AMDT-nin yardımçı heyətində çıxış edib, 1927-1928-ci illərdə Moskvada qrim və Kukla teatrı ixtisası üzrə təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib. 1930-cu ilin may ayında teatrın yığcam briqadası Ağdam rayonuna qastrola gedib.

Mollağa Bəbirli burada aktyor dostları Musa Hacızadə, Fazil Dadaşov və Abbas Rzayevlə birgə ilk Kukla tamaşasını göstəriblər. Məktəbdə oynanılan tamaşa uğurlu keçib və bu nailiyyət Mollağanı öz arzusu uğrunda daha inamla çalışmağa sövq edib. Dramaturq Cəfər Cabbarlının yaxından köməyi və Xalq Maarif komissarlığının əmri ilə 16 may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı yaradılıb. Teatr "Sirk" adlanan ilk tamaşasını 1932-ci ilin aprelində oynayıb. Sira-məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, əyləncəli və uşaqlar üçün maraqlı idi. Mollağa Bəbirli "Zərgərpalan küçəsi, 84" ünvanlı evində kiçik bir otağı emalatxana etmişdi və burada özü Kuklalar düzəldirdi. Kuklaları həm müxtəlif ağaclardan yonurdu, həm də gəlincik tipli Əlcək (qolçaq) Kuklaları hazırlayırdı. 1933-cü ildə kollektiv Gənc Tamaşaçılar Teatrının nəzdində Kukla şöbəsi kimi fəaliyyətini davam etdirib. 1930-cu illərin ikinci yarısında Mollağa Bəbirli dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və Cəlil Məmmədquluzadənin "Ölülər" pyeslərinin Kukla teatrı variantlarını işləyib və özü də tamaşaya hazırlayıb.

1938-ci ildə Dövlət Kukla Teatrı müstəqil sənət ocağı kimi iki il indiki Mahnı Teatrının binasında fəaliyyət göstərib.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi ilə əlaqədar olaraq kollektiv yenə GTT-nin nəzdinə keçib. 1946-cı ildə Kukla Dövlət Teatrı Mollağa Bəbirlinin direktorluğu və bədii rəhbərliyi ilə yenidən müstəqil kollektivə çevrilib. Teatr 190 saylı məktəbin binasında yerləşib. Vaxtilə Dərbənd Dövlət Azərbaycan Teatrında aktyorluq etmiş Nadir Zamanovun kollektivə gəlişi rejissurada və üslub axtarışlarında təkanverici rol oynayıb. 1949-cu ildə teatrların özlərini maliyyələşdirmə iş sisteminə keçməsi ilə əlaqədar olaraq Azərbaycanda ondan çox dövlət teatrı, o cümlədən Kukla teatrı bağlanıb.

Nadir Zamanovun fədakarlığı və rəhbərliyi ilə kiçik heyətdə teatr dəstəsi yaranıb və truppa 1 yanvar 1950-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyətə başlayıb. 1962-ci il noyabr ayının 15-də Kukla teatrı dəstəsi yenə GTT-nin kollektivinə daxil olub. Həmin kollektiv 6 may 1963-cü ildə Bakıdakı Orkestr Musiqiçiləri Bürosunun sərəncamına verilib.

Azərbaycan Respublikasının Nazirlər Soveti 1964-cü il aprel ayının 15-də truppanın dövlət statusunun bərpa edilməsi barədə qərar imzalayıb. Bunun əsasında Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyətə başlaması barədə 3 fevral 1965-ci ildə 17 saylı əmr verib. Hazırda teatrın Dənizkənarı bulvardakı binası kollektivin sərəncamına keçib. Teatr 1965-ci il sentyabrın 25-də Mirvarid Dilbazinin "Göyçək Fatma" nağıl-pyesinin tamaşası ilə pərdələrini açıb.

Sənət ocağının 1965-ci ildəki bərpa dövründən sonra Dövlət Kukla Teatrının truppasında Azərbaycan Respublikasının əməkdar artistləri Oqtay Dadaşov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Lyubov Adamova, aktyorlardan Şahmar Hüseynov, Ruslan Həsənov, Xədicə Seyidova kimi təcrübəli sənətkarlar çalışmışlar. Truppada hazırda tanınmış aktyorlar Mansur Mansurov, Tamilla Bünyadova, Rəhilə İbadova, Elmira Hüseynova, Əlibala Ələsgərov, Rəhman Rəhmanov, Sona Rəhimova, Ələkbər Hüseynov ilə yanaşı, istedadlı gənclər də işləyiblər və əksəriyyəti indi də kollektivdə çalışır. Azərbaycan Dövlət Kukla Teatrı Moskvada (1937, 1977 və 1995), Yəmən Ərəb Respublikasında (1973), Özbəkistan Respublikasında (1979), Hindistanda (1980), İrəvanda (1982), Tiflisdə (1984), Arxangelskdə (1988), Türkmənistan Respublikasında (1989), İran İslam Respublikasında (1990 və 1992), Türkiyənin Ankara (1991) və İstanbul (1998) şəhərlərində qastrollarda olub, beynəlxalq festivallarda, müxtəlif sənət bayramlarında iştirak edib. Kukla teatrı özünün fəaliyyəti dövründə "mil", "Əlcək" ("qolçaq"), "döşəmə" (hündür), marionet Kuklalarla yanaşı, aktyor-Kukla formalarında da tamaşalar hazırlayıb.

Aiddir: Nazirliyin tabeçiliyində

Ünvan: Bakı şəhəri, Neftçilər, 36

Telefon: (+994 12) 492-64-25, (+994 12) 492-44-58

Faks: (+994 12) 437-11-87

E-poçt: info@kuklatheatre.com