Dövlət teatrları
Azərbaycan Akademik Milli Dram Teatrı haqqında qısa məlumatGörkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da «Nəciblər klubu»nda M.F.Axundovun «Lənkəran xanının vəziri» komediyasını tamaşaya qoydular. Bununla professional Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində «Nicat», «Səfa» mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin «Müsəlman Dram Artistləri İttifaqı», «Hacıbəyov qardaşları müdiriyyəti» şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır. Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilmişdir. Teatrın 134-illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradılandan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzəağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Ədil İsgəndərov (rejissor), Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsüm Sənani, Rza Təhmasib (aktyor və rejissor), Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Mehdi Məmmədov (rejissor), Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı. Bu gün teatrda belə bir rejissor və aktyor məktəbinin layiqli davamçıları xalq artistləri Səyavuş Aslan, Kamal Xudaverdiyev, Mərahim Fərzəlibəyov (rejissor), Yaşar Nuriyev, Nurəddin Quliyev, Bəsti Cəfərova, Ramiz Məlik, Rafiq Əzimov, Zərnigar Ağakişiyeva, Şükufə Yusufova, Hacı İsmayılov, Ramiz Novruz, Firəngiz Mütəllimova, Zenfira Nərimanova, Məleykə Əsədova, Rafael Dadaşov, İlham Əsgərov, rejissorlardan Mehriban Ələkbərzadə, Bəhram Osmanov və bu kimi rejissor və aktyorlar fəaliyyət göstərirlər. M.F.Axundovun, B.Vəzirovun, Ə.B.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlının,H.Cavidin, S.Rəhmanın, İ.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Metirlinin,O. Balzakın, Yucin O Nilinin, M.Sebastianın, H.Heynenin, Volterin, A.Ostrovskinin, A.Puşkinin, M.Lermontovun, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərinin repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, Dövlət statusu aldıqdan sonra, Moskvada (1930,1948,1959,1974,1996), Sankt-Peterburqda (1930), Kazanda (1930), İrəvanda (1926,1927,1954,1957), Tiflisdə (1960,1984), Daşkənddə (1934,1951), Aşğabadda (1934), Türkiyədə (1990,1992), Kiprdə (1992), Almaniyada (1992) qastrollarda olub. AMDT-nın 50 ( 1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilib. «Şərqin səhəri» ( Ə.Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, «Antoni və Kleopatra» (Şekspir), «Mahnı dağlarda qaldı» (İ.Əfəndiyev), «Şəhərin yay günləri» (Anar) və «İblis» ( H.Cavid) tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb. Qocaman kollektiv günümüzün aktual məsələlərinə cavab tapmaq, müasirlərimizin ruhunu, zövqünü, nəfəsini səhnəyə gətirmək məqsədi ilə, Cəlil Məmmədquluzadənin «Ölülər», İlyas Əfəndiyevin «Hökmdar və qızı», «Xurşidbanu Natəvan», «Dəlilər və ağıllılar», Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc», «Dar ağacı», «Rəqabət», «İkinci səs», Elçinin «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Qatil», Mir Cəlalın «Dirilən adam», İsmayıl Şıxlının «Ölüləri qəbristanlıqda basdırın», Əli Əmirlinin «Varlı qadın», «Mesenat», Həsən Həsənovun «Brüsseldən məktublar», Ramiz Novruzun «Hələ «sevirəm» deməmişdilər… », Hüseynbala Mirələmovun «Xəcalət», Mir Mehdi Seyidzadənin «Füzuli və Əsmər» dünya ədiblərindən V.Şekspirin «Hamlet», J. Rasinin «Fedra», A. Kamyunun «Ağlasığmaz qətl», J. Koktonun «İnsan səsi», gürcü dramaturqu Otia İoselianinin «Kaş araba aşmayaydı!..» və s. pyeslərinə müraciət edib və hal-hazırda bu tamaşalar teatrın cari repertuarında müvəffəqiyyətlə oynanılır. Ünvan: Bakı şəhəri, Məhəmməd Füzuli, 1 Telefon: (+994 12) 596-59-73, (+994 12) 597-07-22 Faks: (+994 12) 495-45-28
|