Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Solmaz Qurban qızı Musayeva

Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir (1953-55-ci illər). 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Həyatının böyük bir dövrünü A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayan rəssam 1965-81-ci illərdə həmin teatrda quruluşçu rəssam, 1981-87-ci illərdə baş rəssam kimi çalışmış, teatrın Azərbaycan və rus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan «Malçiş-Kibalçiş» (A.Qaydar), «Bu ev kimin evidir?» (S.Marşak), «Məşədi İbad» (Ü.Hacıbəyli), «Şəngülüm, Şüngülüm, Məngülüm» (Ə.Abbasov), «Cunquş» (X.Əlibəyli), «Qaravəlli» (Anar), «Meşə nağılı» (T.Mütəllibov), «Yumaq top» (F.Sadıq), «Şən ayılar» (V.Rabadan), H.X.Andersenin «Ole Lukoye və yaxud Sehrli çətirlər» (H.X.Andersen), «Cırtdan», «Sehrli nar» (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.

Teatrda çalışdığı illərdə S.Musayeva Sovetlər İttifaqında və xarici ölkələrdə keçirilən kukla teatrları festivallarında iştirak edib və həmin festivalların laureatı olub.

Teatr yaradıcılığı ilə yanaşı S.Musayeva təsviri sənətin digər sahələrində də uğurla çalışmışdır. O, Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı olub. Rejissor V.Behbudovla ərsəyə gətirdiyi bu filmlər Ümumittifaq televiziya filmləri festivallarında (“İlham”, 1974,Daşkənd, “Göyçək Fatma”,1976, Tbilisi, “Sağ ol, dostum”,1980, Yerevan) mükafatlandırılıb. “Göyçək Fatma” filmi habelə Gürcüstan Rəssamlar İttifaqının xüsusi diplomuna layiq görülüb.

Keçmiş Sovetlər Birliyində və ölkəmizdə keçirilən sərgilərdə rəngkarlıq və tətbiqi sənətə aid işləri nümayiş etdirilib.Müxtəlif nəşriyyatlarla əməkdaşlıq edib, bir sıra kitablara bədii tərtibat verib.

1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğuldur. Solmaz xanımın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın 25 kukladan ibarət zəngin koloritli «Azərbaycan qadın toyu» kompozisiyası S.Bəhlulzadə adına salonda Novruz sərgisində (1995) nümayiş etdirilən zaman sərgidə iştirak edən ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymət alıb. Həmin əsər Avstraliyada keçirilən Spartakiada zamanı da ekspozisiya olunub. 2006-cı ildə 8 mart Qadınlar bayramı münasibətilə yaratdığı kompozisiya seçilərək YUNESKO Baş qərargahında sərgilənib. Rəssamın yaratdığı kuklalar 1993-cü ildə Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festival –müsabiqəsinin laureatı olub.

Azərbaycan Dövlət Kukla teatrı yanında yeraltı keçidin bədii divarlarını bəzəyən bir neçə panno S.Musayevanın teatrda quruluş verdiyi tamaşalardan ayrı-ayrı səhnəcikləri əks etdirir.

2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülüb.

SOLMAZ MUSAYEVA YARATDIĞI PERSONAJLAR