Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Aqşin Babayev

Aqşin Babayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Aspiranturada oxuyub, elmlər doktoru alimlik dərəcəsi, professor adı alıb. 30 kitabın müəllifidir. 32 il radioda çalışıb. 15 il Milli Məclisdə mətbuat katibi işləyib. Əməkdar jurnalistdir. "Yusif Məmmədəliyev", "Həsən bəy Zərdabi", "Humay", "Qızıl Qələm" mükafatları laureatıdır. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə II dərəcəli dövlət müşaviri rütbəsinə layiq görülüb.

A.Babayev əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyəyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların Baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il ingilis, fransız, ərəb və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Ölkəmizin ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarlarımızı xarici ölkə oxucularına tanıtdırıb.

1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində respublika radiosu və xarici verilişlər üzrə sədr müavini təyin edilib. 15 il ərzində bu vəzifədə çalışıb.

Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb. "Həmişəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz gülləsi", "Dünyanın axırı" adlı kitabların müəllifidir. "Kişilər az yaşadı" kitabı isə Moskvanın "Sovetski pisatel" nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Yaxın günlərdə 10 cilddən ibarət "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb.

Aqşin Babayev həm də şairdir. Yeddinci sinifdə oxuyanda "Bahar" adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. Şeir kitabına xalq şairi Fikrət Qoca ön söz yazıb. Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Xilaskar" və "Oğul" pyesləri ulu öndərimiz Heydər Əliyevə həsr edilib.