Dramaturgiya və teatr Dramaturqlar
Anar(1938)Anar (Anar Rəsul oğlu Rzayev) 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisininin ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilmişdir. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. Anar Milli Məclisin Mədəniyyət Komissiyasının sədri seçilmişdir. O, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür. Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif etmişdir. Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlamış, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada etmişdir. 1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbua hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqlarının üzvüdür. Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır. "Ağ liman" povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında (1979), Almaniya Federativ Respublikasında (1989), Çexoslovakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), "Əlaqə" povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada (1986), Fransada (1995), Estoniyada (1981), "Dantenin yubileyi" üç dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973), Tacikistanda (1977), "Dədə Qorqud" Moskvada (1980, 1988), İranda- böyük tirajlarla, nəfis şəkildə çap olunmuşlar. "Mən, sən, o və telefon" hekayəsi Moskvada "Nedelya" həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunmuşdur.
|