Tamilla Faiq qızı Bunyatova
( Azərbaycan Dövlət Kukla Teatrı )
Tamilla Faiq qızı Bunyatova 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Beş il müxtəlif sahələrdə işləyib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsində təhsil alıb.
Tamilla Faiq qızı Bunyatova 1 dekabr 1976-cı ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Teatrda debütü «Cırtdan» tamaşasında Arıq roludur.
1988-ci ildə rejissor Namiq Ağayevin quruluş verdiyi Ədbürrəhimbəy Haqverdiyevin «Pəri cadu» tamaşasında oynadığı Hafizə obrazı «Ən yaxşı qadın rolu» mükafatı ilə təltiflənib.
1995-ci ildən aparıcı səhnə ustasıdır. Aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Teatrda qoyulan tamaşalarda əksər baş rolların ifaçısıdır. Yaratdığı səhnə obrazları arasında S. Dağlının «Uşağı necə əyləndirməli?» tamaşasında Qurbağa,
F.Məmmədovun «Ac qulağım, dinc qulağım» tamaşasında Tülkü, E.Quliyev və A.Əbilov «Dədə Qorqud» tamaşasında Şir, Ə.Vəliyevin «Madarın dastanı» tamaşasında Şah qadın, E.Xovartın «Mehriban dostlar» tamaşasında «Helli», Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» tamaşasında Tülkü, Aygün Ələddin qızının «Ələkbər əmi divin qəsrində» tamaşasında Tülkü, Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında Dadaş, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Donna, Dürat, Xanımana Əlibəylinin «Gözəllər gözəli» tamaşasında Heyva, «Cunquş» tamaşasında Aytən, «Ləpələrin nağılı» tamaşasında Qağa, Eyvind Şayyenin «Od oğlan» tamaşasında Div xala, Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında Dadaş, Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında Nağılçı, Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında Şərəbanu, Rəhman Əlizadənin «Bilqamıs əfsanəsi» tamaşasında Qumral, «Tıq-tıq xanım» tamaşasında Tıq-tıq xanım, Nabat, «Dəli Domrul» tamaşasında Ana, «Damdabaca» tamaşasında Ögey ana, «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında Mələş xatun, Həsənağa Hüseynovun «Saz əhvalatı» tamaşasında Tülkü, «Ulamaqdan mələməyə» tamaşasında Növrəstə, Namiq Ağayevin «Bakı həyətinin rekviyemi» tamaşasında Diktor qız, Abdulla Şaiqin «Üç nağıl» tamaşasında Tıq-tıq, Leylək, Qarğa, «Ovçu məstan» tamaşasında Nazxanım, Sarı pişik, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Məngülüm, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Cırtdan, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Fatma, Lalə Haqverdiyevanın «Qız qalası» tamaşasında Qarğa qarı, Nicat Kazımovun «Ələddin» tamaşasında Vəzir, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Böyük qardaş, Qız, Təlxək, Simurq quşu, Qrim qardaşlarının «Bremen musiqiçiləri» tamaşasında Şahzadə qız, Pişik, Rəhman Rəhmanovun «Rəhmanın nağılı» tamaşasında Bənövşə, rus bölməsi üçün Ələkbər Hüseynovun «Xoşbəxtlik quşu» tamaşasında Hamamçı, Murad, Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında Oruc, Əsgər, Vilhelm Qaufun «Yalançı şahzadə» tamaşasında Şah, Cani Rodarinin «Çippolino» tamaşasında Kartof, Limon, Albalı, Armud, Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında Tartaliya, Trufaldino rolları daha bitgin və yaddaqalandır.
|