Allahverdiyeva Cəmilə Telman qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )
Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabr 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 33 saylı orta məktəbi 1995-ci ildə bitirib, bir il sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur.
O, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında (Dürat), Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında (Fitnə Cadu, Hamhamə, Çilli), Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında (Göyçək Fatma), Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında (Nənə, Ana), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında (Bahar), Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında (Mərcan), Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında (Hadı), Lalə Haqverdiyevanın «Qız qalası» tamaşasında (Dilbər), Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında (Misket balığı), Rəhman Əlizadənin «Fantaziya»( Zibeydə), «Tülkünün uçuşu» tamaşasında (Hacıleylək), Federika Qarsia Lorkanın «İlbisin mahnısı» tamaşasında (İlbis) rollarını ifa edib.
2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Mürafiə vəkilləri» (M.F.Axundov. Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev. Fəridə, «Dünyanın axırı» (R.Əlizadə. III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq. Hacıleylək, «Sara xatun» (N.Saraclı. Xanbikə, «Su Pərisi» (F.Mustafa. Su Pərisi).
2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb. Hal-hazırda «Şahzadə Turandot» (K.Qotsi) tamaşasında (Şahzadə Turandot) rol üzərində işləyir.
|