Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Afaq Bəşirqızı
( Azərbaycan Dövlət Musiqili Komediya Teatrı)

Afaq Bəşir qızı 15 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil almışdır. Ailəlidir, bir oğlu var.

Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Artıq, əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. Eyni adlı filmin xalq tərəfindən sevilməsində də Afaq xanımın xidməti böyükdür.

1989-cu ildə Afaq Bəşir qızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində – Səməni, "O olmasın, bu olsun"da – Sənəm, "Bankir adaxlı" tamaşasında – Nisə, "Məhəbbət oyunu" tamaşasında – Səltənət, "İtgin ər"də -Məleykə, "Məsmə xala dayımdır"da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur.

«Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «Bəxt üzüyü», «Girov» filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur.

Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı («Yaşıl eynəkli adam»), Suğra («Bala bəla sözündəndir»), Darçınbəyim («Evləri köndələn yar»), Ayka («Yarımştat»), Gülya («Nekroloq») rolları aktrisanı daha da məşhurlaşdırmışdır.

Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, 7 ildir ki, İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

• Aktyor Bəşir Səfəroğlunun qızıdır.