Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Səfurə İbrahimova
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Səhnə məlahəti ilə həmişə tamaşaçıları heyran qoyan Safurə Ağabala qızı İbrahimova 1938- ci il dekabr ayının 27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır. Xaraktercə lirik-dramatik aktrisadır. Komik personajlarda da məharətlə oynaya bilir. Səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. Mənalı sifət ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir.

Safurə İbrahimova səhnədə Kamalə, İnci ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Əsmər ("Alov", Mehdi Hüseyn), Fernando ("Dəlilər", Lope de Veqa), Gülnar və Tamara ("Vaqif", Səməd Vurğun), Nazlı ("Ölülər", Cəlil Məmmədquluzadə), Ofeliya ("Hamlet", Vilyam Şekspir), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Karola ("Füsunkar qız", Mlkolaş Dyarfaş), Jasmen, Vəfa ("Knyaz" və "Xəyyam", Hüseyn Cavid), Daduno ("Darıxma, ana!", Nodar Dumbadze), Sona ("Xanuma", Avksenti Saqareli), Cen ("Mariya Tüdor", Viktor Hüqo), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Saşa ("Canlı meyit", Lev Tolstoy), Sevil ("Sevil", Cəfər Cabbarlı), Balaxanım ("Adamın adamı", Anar), Mədinə, Tubu xanım ("Sevgililərin cəhənnəmdə vüsalı" və "Hökmdar və qızı", İlyas Əfəndiyev), Durdensiya ("Dişi canavar", Federiko Qarsia Lorka), Zəhra bəyim ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Mələk ("Köhnə ev", Əli Əmirli) rollarında daha çox sənət uğurları qazanıb. Aktrisanın kino rolları arasında Telli ("Arşın mal alan"), Həbibə ("Qatır Məmməd"), Dilbər ("Sevil"), Gülpəri ("Dərviş Parisi dağıdır"), Mədinə ("Alma almaya bənzər") obrazları daha məşhurdur. Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (1 iyun 1974) və xalq artisti (24 dekabr 2002) fəxri adları ilə təltif edilib. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır. SSSR-i dövründə Novruz bayramı keçirilərkən,ilk bahar qızı məhç Səfurə İ. olub.