Səkinə Axundzadə
(1865-1927)
Azərbaycanın ilk qadın müəllimlərindəndir. Yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olub. Səkinə xanım Qubada doğulub və ibtidai təhsilini də orada alıb. Sonra ailəsi ilə birgə Bakıya gəlib və buradakı mütərəqqi təhsil sistemi olan məktəblərdən birində oxumağa davam edib. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb. Qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib.
Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlayıb. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qaynana" komediyasını yazıb. Milli folklorumuzun hadisə süjeti əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə alıb. Onun əsasında isə eyniadlı opera librettosu işləyib.
Yazıçı-maarifpərvər Səkinə xanım görkəmli osmanlı ədibi Namiq Kamalın "Zavallı cocuq" pyesini "Bəxtsiz bala" adı ilə dilimizə təbdil edib. Süjeti Azərbaycanın həyat şəraitinə, mənəvi - psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılmış bu əsər teatr truppalarının tez-tez müraciət etdikləri pyeslərdən olub.
Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında dram əsəri yazıb. Bu əsər "Nicat" truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulub.
XX əsrin ilk iki on ilində Bakıda "Müsəlman artistləri şirkəti", "Nicat", "Həmiyyət", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələri, Tiflisdə "Müsəlman artistləri", "İttihad", "İbrət" cəmiyyətlərinin truppaları, Aşğabadda "5 nömrəli teatr dəstəsi", İrəvanda "Müsəlman dram cəmiyyəti", Təbrizdə "Azərbaycan artistləri dəstəsi", "Cəmiyyəti-islahi-tərəqqi-maarifi-Azərbaycan" adlanan səhnə həvəskarları truppaları fəaliyyət göstərmişlər. Onlar, əsasən, yerli müəlliflərin kiçik həcmli dram əsərlərini, həm də təbdil və iqtibas etdikləri pyesləri tamaşaya hazırlamışlar.
|