Sultanməcid Qənizadə
(1866-1937)
Görkəmli maarif xadimi və yazıçı, səhnə sənətinin fədaisi idi. Sultanməcid Hacı Murtuzəli oğlu Şamaxı şəhərində orta təbəqəni təmsil edən ailədə anadan olub. İlk təhsilinə əvvəlcə buradakı Seyid Əzim Şirvaninin "Məclis" məktəbində başlayıb və sonra yeni tipli şəhər məktəbində oxuyub.
1883-cü ildə Tiflis Aleksandrinsk Müəllimlər İnstitutuna qəbul olunub. Burada dörd il təhsil alıb və mövcud imperiya qanunlarına əsasən işləmək üçün Bakıya göndərilib. Bakıda həmtəhsil dostu Həbib bəy Mahmudbəyov ilə birlikdə məktəb açıblar. Sultanməcid Qənizadə tələbatı nəzərə alaraq, şagirdlər üçün dərsliklər işləyib, müntəxabat tərtib edib. Bakıdakı teatr həvəskarlarını bir yerə cəm edərək onlarla müxtəlif bayramlarda tamaşalar hazırlayıb. Həvəskarların truppa halında fəaliyyəti üçün səmərəli işlər görüb, səhnə sənətinə çoxlu istedadlı gənclər cəlb edib. Pyes qıtlığını, xüsusən kiçik məsxərələrin azlığını nəzərə alaraq dramaturgiya ilə məşğul olmağa başlayıb. 1891-ci ildə ilk dram əsərini yazıb və "Qönçə xanım" adlanan həmin faciə əsərini oynamağa senzura icazə verməyib. Təəssüf ki, bu pyesin əlyazması itib.
Sultanməcid Qənizadə Lev Tolstoyun "Əvvəlinci şərabçı" və Vladimir Dyaçenkonun "Qurbana qurban" pyeslərini Azərbaycan dilinə tərcümə edib. Bu əsərləri həvəskarlar dönə-dönə tamaşaya hazırlayaraq oynayıblar. Pedaqoq-dramaturq "Xor-xor", "Axşam səbri xeyir olar", "Dursunəli və ballıbadı", "Yadımdadır" vodevillərini azərbaycancaya iqtibas və təbdil edib. Həmin vodevil-məsxərələr milli məişət və əxlaqımıza sənətkarlıqla uyğunlaşdırıldığına görə, orijinal dram əsərləri kimi dəyərli və əhəmiyyətli olub. Həmin əsərlər 1890-1920-ci illərdə müxtəlif şəhərlərdə mövcud olan Azərbaycan teatr dəstə və truppalarının repertuarlarında çox mühüm yer tutub. Milli səhnəmizin fədailəri sayılan Cahangir Zeynalov, Mirzağa Əliyev, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə, Əbülfət Vəli, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Hüseynqulu Sarabski kimi şöhrətli sənətkarlar adı çəkilən məsxərələrdə dönə-dönə çıxış ediblər.
|