Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Nəriman Nərimanov
(14.4.1870-19.3.1925)

İlk növbədə maarifpərvər ziyalı və yazıçı olan Nəriman Nərimanov, həmçinin görkəmli siyasi və ictimai xadim, dövlət rəhbəri, teatr fədakarı idi. Mütəfəkkir yazıçı kimi dövrün ictimai ədalətsizliklərini, nadanlığı, dini xurafatı, cəmiyyətin mənfur qanunlarını, mənəvi rəzilliyi, istibdadın faciələrini tənqid edib. Maarifçiliyin, vətənpərvərliyin, azadlıq ideyalarının təbliği uğrunda yorulmaz mübariz olub. Mirzə Fətəli Axundzadə realist ədəbi məktəbinin ləyaqətli davamçılarından idi. Milli ədəbi irsimizin möhtəşəm, bəşəri, mütərəqqi ideyaların təbliği ilə zənginləşməsində böyük işlər görüb. Alovlu publisist, qeyrətli tənqidçi, obyektiv teatrşünas və ədəbiyyatşünas fəaliyyəti var. Azərbaycan teatr mədəniyyətini Volqaboyu müsəlman ölkələrində, xüsusən Hacıtərxan (Həştərxan) şəhərində geniş təbliğ edib.

Nəriman Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində anadan olub. Atası Kərbəlayı Nəcəf maarifə və mədəniyyətə meyilli adam idi və həlim xasiyyətli anası Həlimə xanım oğluna xüsusi məhəbbət bəsləyirdi. Kiçik yaşlarında Nəriman yazıb-oxumağı əmisindən və qardaşından öyrənib. Elə uşaq yaşlarından da ədəbiyyata güclü maraq göstərib. Fərdi yolla müəyyən ibtidai təhsil alandan sonra 1882-ci ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub. Burada klassik dünya ədəbiyyatı nümunələri ilə ilk tanışlığı başlayıb və yazıçı kimi özünün birinci bədii yaradıcılıq nümunələrini yazıb.

O, 1902-ci ildə Bakıdakı mütərəqqi üsullu gimnaziyaya ekstern üsulla imtahanlar verib və buranı qurtarınaq barədə kamal attestatı alıb. Həmin il Odessa şəhərinə gəlib və burada Novorossiya Universitetinin tibb fakültəsinə qəbul olunub. Oranı ali təhsilli mütəxəssis kimi 1908-ci ildə bitirib və Bakıya gələrək şəhər xəstəxanasında həkimlik edib. Xalq arasında "doktor Nəriman" kimi tanınıb. Bir ildən sonra siyasi hadisələrlə bağlı Tiflisə gəlib. Burada həkim işləyib, lakin inqilabi fəaliyyətinə görə həbs olunub. 1913-cü ildə yenidən Bakıya gəlib və Qara şəhərdəki xəstəxanaya həkim götürülüb.

Nəriman Nərimanov 19 mart 1925-ci ildə qəflətən vəfat edib. Məzarı Moskvanın Qızıl meydanında, Kreml qalasının divarları yanındadır. Nəsr, publisistika (xüsusən felyeton), ədəbi-bədii tənqid yaradıcılığı ilə yanaşı, Nəriman Nərmanov dramaturgiya və teatr ilə daha ciddi məşğul olub. Onun ilk dram əsəri "Nadanlıq" komediyasıdır. Müəllif bu əsərini 1894-cü ildə yazıb və elə həmin ildə Bakı şəhərində Dəmirovun mətbəəsində çap etdirib.

Nəriman Nərimanov ikinci dram əsəri "Şamdan bəy"i də komediya janrında yazıb. 1895-ci ildə tamamlanmış komediyanın adı ədəbiyyatşünaslıqda və teatr afişalarında "Dilin bəlası", "Şamdan bəy, yaxud dilin bəlası", "Dilin bəlası, yaxud Şamdan bəy" kimi də göstərilib. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib.

Azərbaycan dramaturgiyasında tarixi dram və tarixi faciə janrında ilk səhnə əsərini Nəriman Nərimanov yazıb. "Nadir şah" (bəzən "Nadir şah Əfşar" kimi verilib) faciəsi, eyni zamanda Nəriman Nərimanovun dramaturgiya yaradıcılığının zirvəsi sayılır. Bu ilk tarixi dramı ədib 1899-cu ildə yazıb. Həmin il də milyonçu Hacı Zeynalabdin Tağıyevin xərci ilə "Aror" nəşriyyatında kitab şəklində çap olunub. On dörd ildən sonra faciəni təzə çapa hazırlayan dramaturq onun üzərində yenidən işləyib, bəzi epizodları, ayrı-ayrı dialoqları ixtisar və əlavələrlə təzələyib, dəyişikliklər edib. "Nadir şah"ın həmin variantı 1923-cü ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində çap olunub.

Dramaturq bütün bunları, yəni sərt və amansız, qanlar tökən və məmləkətin sərhədlərini genişləndirmək naminə müharibələr aparan Nadir şahın reformalarının mütərəqqi xüsusiyyətlərini da dramaturji konfliktin mərkəzinə çəkib. Bununla da Nadir şah həm xaraktercə ziddiyyətli, gözlənilməz addımlar atan tarixi şəxsiyyət, həm də möhtəşəm, mürəkkəb bədii dramatik obraz kimi yadda qalır. Nəriman Nərimanovun son dram əsəri 1915-ci ildə yazdığı "Bahadır və Sona" faciəsidir.

Dramaturq bu əsərini özünün eyniadlı romanı əsasında yazıb, daha doğrusu, səhnələşdirib. "Bahadır və Sona" romanının birinci hissəsi isə 1896-cı ildə Bakıda və ikinci bölümü 1900-cü ildə Yelendorf şəhərində (indiki Xanlar rayonu) çap edilib. İkinci hissə səkkiz səhifədən ibarətdir və bunu dramaturq bəzi mətləblərə aydınlıq vermək məqsədilə yazıb. Burada hadisələr Bahadırın öz tələbə dostu Soltanla birlikdə, məşhur Qafqaz yolu ilə Tiflisdən Peterburqa getmələri ilə bitir. "Bahadır və Sona" faciəsini dramaturq Şamaxıda səhnələşdirib və elə həmin ildə Tiflisdə yerləşən senzura komitəsinə yollayaraq əsərin səhnədə oynanılmasına icazə alıb.

Pyesdə qadın və şəxsiyyət azadlığı, məhəbbət və vicdan pakiığı problemləri Sona və Soltan, Yusif obrazlarının timsalında yeni dramatik vasitələrlə və orijinal ziyalı fikirlərilə təsvir olunub. Onların da dramatik xarakterləri birrəngli deyil, mürəkkəb və əlvandır, təzadlı və ziddiyyətlidir.