Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Cəlil Məmmədquluzadə
(10.2.1866-4.1.1932)

Milli ədəbiyyatımızın ən görkəmli simalarından bıri Cəlil Məmmədquluzadə sayılır. Bütün Yaxın Şərqdə sevilə-sevilə oxunan "Molla Nəsrəddin" (7 aprel 1906) jurnalının banisidir. Bu jurnalın mühərriri olmaqla ətrafına görkəmli maarifpərvər qələm sahiblərini toplayıb və mollanəsrəddinçilər ədəbi cərəyanının yaradıcısına çevrilib. Buna görə ədəbi təxəllüsü "Molla Nəsrəddin" olub. İlk qüdrətli felyeton ustasıdır. Azərbaycan nəsrinin yeni mərhələsini yaradıb. Milli ictimai şüurun oyanmasında və inkişafında müstəsna xidmətləri var. Jurnalistika elmimizin qüdrətli dühalarındandır. Ən müxtəlif mövzulu povest və hekayələrində, felyeton və satirik məqalələrində Azərbaycan dilinin zəngin imkanlarını ölməzliklə təcəssüm etdirib. XIX və XX əsr Azərbaycan kəndinin sosial həyatını və tipik xarakterlərini ustalıqla yaradıb. Ötən əsrdə realist ədəbi cərəyanın öndəri olub.

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 10 fevral 1866-cı ildə Naxçıvanda anadan olub. İlk təhsilini səkkiz yaşında mollaxanada alıb. Bir il sonra isə Naxçıvandakı rus-türk (rus-tatar deyilib) məktəbində oxuyub. 1882-ci ildə Gürcüstanın Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının ehtiyat sinifinə daxil olub. Burada qabiliyyət və bacarığını göstərdiyinə görə əsas sinifə keçirilib. Seminariyanı 1887-ci ildə bitirib. Vəsiqəsində ibtidai məktəblərdə müəllimlik edə bilmək hüququ oldüğu göstərilən Cəlil Məmmədquluzadə işləmək üçün İrəvan quberniyasına göndərilib. Quberniyanın Uluxanlı, Baş Noraşen kəndlərində üç il, hazırki Babək rayonunun Nehrəm kəndində səkkiz il (1890-1897) müəllimlik edib. İlk qələm təcrübəsi olan "Çay dəstgahı" alleqorik pyesini 1889-cu ildə Baş Noraşendə yazıb. Sonra nəsr əsərlərini qələmə alıb.

Cəlil Məmmədquluzadə 1895-ci ildə Moskvaya və Peterburqa gedərək müəyyən müddət burada qalıb. O, rus imperiyasının həmin dövrdə mədəniyyət mərkəzləri sayılan bu şəhərlərində ədəbiyyatla, teatrla, mütərəqqi ziyalıların ictimai görüşləri ilə yaxından tanış olub.

1898-ci ildə İrəvan şəhərinə gedib. Orada müxtəlif idarələrdə mütərcimlik edib, məhkəmədə vəkil kimi çalışıb. Burada ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət ediblər. Buna görə də bəzi mənbələrdə ədibin imzası Mirzə Cəlil Məmmədquluzadə (qısa olaraq Mirzə Cəlil) kimi verilib. Nə tərcüməçilik, nə də vəkillk onun ürəyincə olmayıb. Ona görə də işləməyi ataraq özünü sırf bədii yaradıcılığa həsr edib. Həyat yoldaşı ağır xəstələnən Cəlil Məmmədquluzadə onu müalicə etdirmək üçün 1903-cü ildə Tiflisə gəlib. Qafqaz azərbaycanlılarının mədəniyyət mərkəzlərindən sayılan bu şəhərdə o, görkəmli ziyalılarla, məşhur maarifpərvərlərlə tanış olub. Onlardan biri də "Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtlı idi. O, Mirzə Cəlilin yeni yazdığı "Poçt qutusu" hekayəsini dinləyib və çox bəyənib. Buna görə də gələcəyin dahi ədibini "Şərqi-Rus"da işləməyə dəvət edib (1904). Hətta bu ilin noyabrında Mirzə Cəlil həmin qəzetin müvəqqəti redaktoru olub.

Bir il sonra "Şərqi-Rus" qəzeti bağlanıb, Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə, maarifpərvər tacir Məmmədəli Bağırzadə ilə birləşərək qəzetin mətbəəsini alıb. Mətbəəyə "Qeyrət" adı verərək burada müxtəlif kitablar, intibahnamələr nəşr etdirib.

1906-cı ildə "Molla Nəsrəddin" jurnalını çap etdirməyə başlayıb. Bu jurnal Tiflisdə (1906- 1917), az vaxt Təbrizdə (1921, cəmi səkkiz nömrəsi buraxılıb ) və son illərdə Bakıda (1922-1931) bilavasitə Cəlil Məmmədquluzadənin redaktəsi ilə çap olunub. Jurnalın Təbrizdə çap olunmasının səbəbi o idi ki, Azərbaycana Sovet hakimiyyəti gələndə Cəlil Məmmədquluzadə İrana getmişdi (iyun, 1920). Lakin 1922-ci ildə hökumətin dəvəti ilə Bakıya qayıtmışdı. Ədib Bakıda "Yeni yol" qəzetinin redaktoru olub, "Mədəni maarif", "Şərq qadını" jurnallarında, "Yeni kənd" qəzetində əməkdaşlıq edib.

Məşhur Qarabağ bəyzadələrindən olan Həmidə xanımla evlənmiş Məmmədquluzadə 1918-ci ildə onun Ağdam yaxınlığındakı Kəhrizli kəndindəki (Ağcabədi rayonuna aiddir) malikanəsində yaşayıb. Burada özünün gələcək publisist əsərləri üçün kifayət qədər həyati material toplayıb.

Cəlil Məmmədquluzadə 1932-ci il yanvar ayının 4-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Cəlil Məmmədquluzadə Azərbaycan nəslinə "Danabaş kəndinin əhvalatları" ("Eşşəyin itməkliyi"), "Qurbanəli bəy", "Usta Zeynal", "Poçt qutusu", "Bəlkə də qaytardılar", "İranda hürriyyət", "Zırrama", "Saqqallı uşaq", "Kişmiş oyunu", "Konsulun arvadı", "Yan tütəyi", "Pirverdinin xoruzu", "Xanın təsbehi", "Taxıl həkimi", "Quzu" kimi klassik nəsr nümunələri bəxş edib. Yazıçının onlarca felyetonu bədii-estetik məziyyətləri, dil-ifadə vasitələrinin zənginliyi, forma orijinallığı ilə bu gün jurnalistika yaradıcılığı üçün örnəkdir.

Bununla belə, dram əsərləri yazıçının yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Cəlil Məmmədquluzadə yalnız adi dram əsərləri yazınayıb. Onun müxtəlif mövzulu pyesləri forma və məzmun xüsusiyyətlərinə, estetik səciyyələrinə, xarakterlərinin əlvanlığına və bədii kamilliyinə görə milli dramaturgiya tariximizdə mühüm yer tutur.

Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığa pyeslə başlayıb. Bu yaradıcılıq şərti olaraq iki dövrə bölünür.

Birinci dövr: 1889-1906-cı illər;

İkinci dövr: 1909-1928-ci illər.

Onun ilk qələm məhsulu "Çay dəstgahı" (1889) alleqorik dramıdır. Əsər birpərdəlidir və nəzınlə yazılıb, süjeti sadədir, dramatik mübarizə bəsit şəkildədir. Bu pyes milli dramaturgiyamızda alleqorik janrda yazılmış ilk səhnə əsəridir. Bəlkə də bunun üçün müəllifin eyhamlardan, rəmzi işarələrdən istifadə etməsinə baxmayaraq, dramın janr xüsusiyyətləri cəhətdən bədii zəiflikləri vardır. Əsərin qüsurlarını hiss edən dramaturq onu çapa verməyib. Müəllif hadisələri Samovar, Padnos, Çaynik, İstəkan, Nəlbəki, Qaşıq, Maşa, Truba, Nökər obrazları əsasında qurub. "Çay dəstgahı" oxumaq üçün pyes qrupuna aiddir. Mükalimə şəklində qələmə alınmış təmsili də xatırladır.

Cəlil Məmmədquluzadə ruhən satirik zəmində köklənmiş yazıçı idi. Bu keyfiyyət onun ikinci dram əsəri olan "Kişmiş oyunu" məzhəkəsində özünü müəyyən mənada göstərib. Nəsrlə yazılan bu əsər mövzu, dramatik konflikt, üslub baxımından yenidir. Lakin pyes Cəlil Məmmədquluzadənin zəngin irsinin ümumi fonunda böyük sənət nailiyyəti kimi dəyərləndirilə bilməz. Yəqin buna görə də dramaturq "Kişmiş oyunu" məzhəkəsini 1892-ci ildə yazıb və onun səhnədə oynanılmasına cəhd göstərməyib. Mirzə Cəlil sonralar həmin əsəri hekayə janrında da işləyib.

Yaradıcılığının ikinci dövrü ədibin təkamül dövrüdür və bu mərhələ bilavasitə "Molla Nəsrəddin" jurnalının yaranması ilə bağlıdır. Həmin dövrdə yazılan pyeslər bədii dəyərinin hüsnü və dramaturji prinsiplərinin estetik yenilikləri ilə diqqətəlayiqdir.

Mərhələnin ilk nümunəsi "Ölülər" dram əsəridir. Pyes milli dramaturgiyamızda ilk traglkomediya janrlı əsərdir. Dörd pərdədən ibarət olan "Ölülər" dramı 1909-cu ildə yazılıb. Xurafata, nadanlığa, rəzilliyə, mənəvi naqisliyin zehniyyatda yaratdığı faciələrə, mövhumat dələduzlarının ifşasına həsr edilmiş dram əsərləri içərisində "Ölülər" traglkomediyasına (daha çox satirik komediyadır) tay ola biləcək pyes yoxdur. Camaatın nadanlığından istifadə edərək və dini əldə dəstavüz tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrulla, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, "ölü dirilərmi?" xofunda çaş-baş qalmış Hacı Həsən ağa Azərbaycan dramaturgiyasında yeni tipli bədii personajlardır, ümumiləşdirilmiş tipik xarakterlərdir.

Qəbiristanlıq səhnəsi, yəni Şeyx Nəsrullanın "ölü diriltmə" epizodu dünya dramaturgiyasında analoqu olmayan bədii ifadə vasitəsidir. Mirzə Cəlil məhz həmin üslub-fəndlə cəmiyyətin rəzilliyini, cəhalətin faciələrini dramaturji ideyanın münaqişə cazibəsinə çəkib. Ölülər aləmi kül halında dramaturqun ən kamil rəmzi obrazıdır. Məhz həmin surətin bədii məziyyətləri, psixoloji tutumu, tipik səciyyələri ilə "ölülər" və "diri ölülər" dünyasının mahiyyətləri qarşılaşdırılır. Qarşılaşıb toqquşmada Cəlil Məmmədquluzadənin kütləvi nadanlığa, qaragüruh cəhalətə, məfkurəvi rəzalətə qarşı mənəvi harayı qroteskili faciə notlarında oxuculara çatdırılır. İsgəndərin mənəvi harayı cahilliyin, qürurunu, ləyaqətini itirmişlərin ifşasına yönəlir.

İsgəndər ziyalıdır, cəsarətlidir, gözüaçıqdır, həqiqət carçısıdır, mühakimələrində kəskin olduğu qədər də mənən vüqarlıdır, kinayəli sözləri real ünvanlıdır. Şərəf və ləyaqət hissini itirmişlərə qarşı ürək göynərtisi ilə etiraz səsini ucaldır. Kütləvi surət olan "ölü canlarla" mübarizədə tək və yenilməzdir, qətiyyətlidir.

Şeyx Nəsrulla məhəlli yox, zaman üçün təhlükəli olan, beynəlxalq səciyyəli fırıldaqçı və avantüristdir, riyakardır, mənəvi pozğun və dini dəllaldır. Bəlkə də ağılagəlməz dərəcədə geniş imkanlara malik "Kəşfiyyatçıdır" və məhz bu səriştəsi sayəsində əvvəlcədən hadisənin baş verdiyi İrəvan kəndlərindən biri barədə müfəssəl məlumat toplayıb. Bir neçə il əvvəl rəhmətə getmiş Kərbəlayı Fətulla haqqında, onun qohumları, Hacı Həsən ağa, kənd sakinləri Mir Bağır ağa, Hacı Baxşəli, Kərbəlayı Vəli, onların ölmüş qohum-əqrəbaları barədə kifayət qədər bilgisi olduğuna görə də qəbiristanlıqda ölü "diriltınəyə" cəsarətlə girişir.

"Anamın kitabı" dramı 4 pərdəlidir. Dramaturq bu əsərini 1919-cu ildə yazıb. İdeya və qayə, məfkurəvi tutum, ictimai-sosial məna baxımından "Anamın kitabı" satirik komediyası "Ölülər"in davamıdır. Pyes ilk növbədə milli ruhun müqəddəsliyini uca tutması və doğma ana dilinin təravətinin, pakiığının qorunmasını təbliğ etməsi, kökə bağlılıq probleminə fəlsəfi yanaşması ilə qiymətlidir. Bu mövzu da ümumilikdə Cəlil Məmmədquluzadə yaradıcılığının qeyrət damarını təşkil edir və yazıcının bütün janrlı əsərlərində özünü bədii məntiqlə büruzə verir.

Əslində danmağın insanı haramzadəliyə aparması ideyasını dramaturq bir ailənin üç övladının timsalında verib. Böyük oğul Rüstəm bəy rus darülfünununda təhsil alıb və ona görə də özünü rus intelligenti kimi göstərir, bu mədəniyyətin təbliğçisidir. Ortancıl övlad Mirzə Məhəmmədəli İran ürəfası libasındadır və bilavasitə farsca danışır, bu mədəniyyətin carçısıdır. O, elmi-ilahi müəllimidir. İstanbulda ədəbiyyat dərsi almış Səməd Vahid türk dili müəllimidir, osmançılığın alovlu tərəfdarıdır. Qardaşların üçü də öz dillərində danışmağa sanki çirkinirlər. Hətta anaları Zəhra bəyimlə, iyirmi yaşına çatmış, kamallı bacıları Gülbaharla davranışlarında da hərəsi özünün çürük həyat "fəlsəfəsini" diktə edir. Dramaturq çobanlıq edən Qənbər, Qurban və Zaman surətlərini səmimiyyətin təmsilçiləri, sadə xalqın nümayəndələri, kökə bağlılığın müqəddəsliyi kimi yaradıb. "Anamın kitabı" pyesinin adı bir neçə rəmzi məna daşıyır. Dramaturqun məntiqinə görə, anaya məhəbbət ən müqəddəs kitabdır. Doğma dilə məhəbbət ana sevgisinin bir mərhələsidir.

 

>Nəhayət, "anamın kitabı" deyimi dünyasını dəyişmiş atanın öz övladları üçün yazıb qoyduğu vəsiyyətnamənin ruhu və canıdır. Məhz həmin vəsiyyətnaməni oxumaqla Gülbahar öz qardaşlarını ana məhəbbətinə sığınmağa, milli kökə bağlanmağa səsləyir.

 

"Kamança" faciəsi bir pərdədən ibarətdir. Cəlil Məmmədquluzadə bu əsəri 1920-ci ilin yanvar ayında Şuşa şəhərində qələmə alıb. Əsər milli zəmin əsasında yazılmış psixoloji faciədir. Müəyyən mənada da mükalimə səpkisində yazılmış qəmli, dramatik əhvalat-hekayətdir. Kiçik həcmli olmasına və dialoqların azlığına baxmayaraq, pyesin konflikti kəskin ictimai-sosial məzmun daşıyır. Qəhrəman yüzbaşı, Qaraş, Zeynəb, kamançaçı Baxşı surətləri dolğun və bitkin, dramaturji cəhətdən əsaslı xarakter təsiri bağışlayırlar. "Kamança"da dramaturqun həyat müdrikiiyinin, insani bütövlüyünün yeni tərəflərini görmək olur. Cəlil Məmmədquluzadə 1921-ci ildə pyes kimi qələmə verilən "Lal" əsərini və 4 pərdəli "Danabaş kəndinin məktəbi" komediyasını yazıb. "Lal" həm də ssenari adlandırılıb. Lakin dramaturq özü səhifə yarımlıq bu əsərini "teatr üçün bir pərdə" janrında təqdim edib. "Lal" dialoqsuzdur və bir məkanda beş fraqment-epizodun təsvirindən ibarətdir. Əsilində bu əsər pantomima janrı üçün işlənmiş fəlsəfi-psixoloji mətndir.

"Danabaş kəndinin məktəbi" fikir və ideya baxımından "Eşşəyin itməkliyi" povestinin dramaturji variatsiyasıdır. Cəlil Məmmədquluzadə əvvəlcə bu əsərin hekayə variantını yazıb və sonra onun əsasında məzhəkə işləyib.

Başqa bir məsələ. Müəllif pyesin remarkasında yazıb ki, "əhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində". Bilirik ki, nəinki Azərbaycanın bir parçası olmuş İrəvan quberniyasında, hətta cəmi məmləkətimizdə Danabaş kəndi adlı məkan olmayıb. Mirzə Cəlilin qənaətində bu ad rəmzi məna daşıyır və nadanlığın, geriliyin, dar düşüncənin, kütbeyinliyin, əbləhliyin toplumu kimi verilib.

Cəlil Məmmədquluzadənin bu komediyasının kompozisiya qurumu məsxərə, qaravəlli, hoqqa, şəbədə, məzhəkə xalq oyun-tamaşalarının estetik prinsiplərinə uyğundur. Pyesdə həm ləzzətli, gülməli vəziyyət komediyasının ruhu, həm sarsıdıcı satirik komediya ahəngi, həm karnaval estetikasının məzəli personajları, həm də dövrün tipik vəziyyətlərini təcəssüm etdirən tip-obrazlar var. Xüsusən işinin mənasını padşaha dua oxumaqda görən Qazı, yaltaq və səriştəsiz İnspektor, əsilində millətin idrak işığına barmaq tıxayan Naçalnik, maarif və mədəniyyətin mənasını anlamayan Mirzə Məhəmmədqulu, xalqın psixologiyasından bixəbər Uçitel Həsənov, həqiqəti şallaq gücündə axtaran Pirverdi bəy, nadanlıq və avamlıq həyatının mənasına çevrilmiş Qasım kişi surətləri düşüncə tərzlərinə, primitivliklərinin görünüşünə və cəmiyyətin hansı təbəqəsinin təmsilçisi olmalarına görə fərqlənsələr də, ümumi gülüş estetikasının koloriti baxımından bir-birinə doğmadırlar. Dramaturq bu əsərində "camaat" məvhumunu vahid və ümumiləşdirilmiş obraz kimi götürüb.

Cəlil Məmmədquluzadənin janr təyininə görə "Dəli yığıncağı" komediyadır. Beş pərdədən ibarət olan əsər mahiyyətcə psixoloji satiradır, fəlsəfi kinayədir və müəyyən mənada da gülməli faciədir. Dramaturq bu komediyanı 1927-ci il-də (bəzi mənbələrdə 1926-cı il göstərilib) yazıb. Əsər ilk dəfə 1936-cı ildə çap edilib.

Dramaturqun pyesin remarkasında yazdığına görə, əsərdə təsvir olunan hadisələr Cənubi Azərbaycandan götürülüb. Lakin mənəvi dəyərlər, zehni şikəstlik, xurafatın vəhşətlə tüğyan etməsi baxımından "Dəli yığıncağı" pyesi Mirzə Cəlilin digər əsərlərinin mövzusu və ideyası ilə həmahəngdir. Dramaturq "dəli kimdir?" fəlsəfi sualı ilə cəmiyyətin ən müxtəlif zümrələrini bədii mühakiməyə çəkir. Abdal, məsləksiz, əqidəsiz, dini hərraca qoyan hacılarla, kərbəlayılarla mühakimələrində arif, səlist və ağıllı "dəliləri" dramatik süjet axarında qarşılaşdırır. Bu qarşılaşdırmada kəskin ictimai-sosial konflikt və təzadlı əxlaqi görüşlər, mənəvi aləmlərin fərqli mürəkkəbliyi süjetin əsasında durub.

Pyesin qəhrəmanı Molla Abbas obrazı özünün fəlsəfi yükünə, millət kədəri çəkməsinə, qaranlıq içində zəka işığı saçmasına görə kefli İsgəndərin yeni təqdimidir. Bu surətin də fəryadları dramaturqun daxili təlatümünün hayqırtıları kimi görünür. "Dəlixananın" sakinlərindən olan Pırpız Sona cəmiyyətin mənəvi dəyərlərinə və xurafatda siğənin sürüklədiyi əxlaqsızlığa qarşı qoyulub. O, özünün səmimi davranışı, əri Molla Abbasa sədaqəti ilə seçilir. Qaynı, onu zor gücünə özünə övrət etmək istəyən Fazil Məhəmmədə qarşı mətanətlə çıxır. Bu mənəvi üsyan da Cəlil Məmmədquluzadənin yazıçı fəryadıdır və ədibin hekayə, felyeton və pyeslərinin ana xəttində dayanıb. Məhz Molla Abbasla Pırpız Sonanın "dəlilik" kimi görünən insani paklıqlarının müqabilində Həzrət Əşrəfin, Hacı Nayibin, Hacı Xudaverdi Şürəkanın, Fərraş Şimrəlinin, Fazil Məhəmmədin çürük mənəviyyatları, din pərdəsi altında törətdikləri fitnəkarlıqlar daha qabarıq şəkildə ifşa hədəfində durub.

 

Cəlil Məmmədquluzadə bir dramaturq kimi sovet həyat tərzinin, kənddə riyakar inzibatçılığın, primitiv düşüncə tərzü idarəçiliyin, nadanlıqdan doğan rəzalətlərin tənqidinə də xususi diqqət yetirib. Bu baxımdan onun "Yığıncaq" məzhəkəsi maraq doğurur. Təəssüf ki, bu əsər yarımçıq qalıb, tamamlanmayıb. Onu qeyd etmək lazımdır ki, "Danabaş kəndinin məktəbi" komediyasındakı nadanlıq təmsilçilərini "Yığıncaq"da Həsənəli, Zeynal, Süleyman, Kəbla Salah, Cabbar obrazları başqa forma və məzmunda əvəz edirlər.

Dramaturq Cəlil Məmmədquluzadə 1928-ci ildə "Qəmərin toyu" adlı dram-məsxərə yazıb. Lakin əsər tamamlanandan sonra müəllifin özünün xoşuna gəlməyib və o, əl yazılarını cıraraq yandırıb. Cəlil Məmmədquluzadə mükəmməl dramaturji üslubu, zəngin mövzu variatsiyaları olan, silsilə tipik və real həyati xarakterlər yaratmış, xalqın mənəvi faciələrini ürəyinin qanı ilə qələmə almış qüdrətli dramaturqdur.