Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Əbdürrəhim bəy Haqverdiyev
(17.05.1870-11.12.1933)

Realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub.

Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib.

1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan "Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı" aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

"Molla Nəsrəddin" jurnalında "Lağlağı", "Ceyranəli", "Xortdan", "Həkiminun-səğir", "Mozalan", "Süpürgəsaqqal" imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik irsimizə "Marallarım" silsilə hekayələrini, "Xortdanın cəhənnəm məktubları" povestini bəxş edib.

"Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri nəsrimizin incilərindən sayılır. Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Emil Zolyanın "Qazmaçılar", Mari Fransua Volterin "Sultan Osman", Hans Xristian Andersenin "Bülbül", Maksim Qorkinin "İzergil qarı" hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib.

Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir.

Dramaturqun ilk qələm təcrübəsi olan "Hacı Daşdəmir" məzhəkəsi əldə yoxdur. Müəllifin etiraf etdiyi kimi, bu pyes "Hacı Qara" komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər halda fakt kimi dəyərlidir. Peterburqda "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) məzhəkəsini, "Dağılan tifaq" (1896) faciəsini qələmə alıb. Şuşada "Bəxtsiz cavan" (1900) faciəsini və Bakıda "Pəri cadu" (1901) dramını tamamlayıb.

1927-ci ildə yazılmış "Köhnə dudman" və "Baba yurdunda" dilogiyası dramaturqun yaradıcılığında yeni mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir.

Dramaturji fəaliyyətinin son dövründə Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli "Qırmızı qarı" (1921), "Padşahın məhəbbəti" (1921), "Ağac kölgəsində" (1921), "Qoca tarzən" (1922), "Vaveyla" (1922), "Ədalət qapıları" (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə həsr etdiyi "Səhnə qurbanı" (1926), "Məşədi Qulam qiraət öyrənir" (1927), "Qadınlar bayramı" (1928), "Kamran" (1931), "Sağsağan" (1931), "Yoldaş koroğlu" (1932), "Çox gözəl" (1932), "Daşçı" (1933) pyeslərini yazıb.

Hadisə dağınıqlığı dramaturqun "Bəxtsiz cavan", "Köhnə dudman", "Dağılan tifaq" dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, bədii fənd (priyom) kimi realizə edə bilib. Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli dramatik obrazlar gətirib.

Əbdürrəhim bəy Haqverdiyev "Müsibəti-Fəxrəddin"dən sonra milli dramaturgiyamızda ikinci faciə olan "Dağılan tifaq"ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb dramaturji konfliktin əsasını təşkil edir. İflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf bəy və Süleyman bəy obrazlarıdır.

Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr "Bəxtsiz cavan"da dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha kamil bədii obrazlarla əks olunub. Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə Fərhadla əks qütbdə dayanan əmisi Hacı Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli, əmisi oğlu Çingiz milli dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar.

Əbdürrəhim bəy "Pəri cadu" faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri, İblis, Əcinnə, Şamama cadu) dramaturji konfliktə çəkinəklə, maraqlı fəlsəfi qənaətə gəlib. Bu qənaət aydın, ifadəli və həyatidir. Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın xoşbəxtliyi onun halal zəhmətindədir.

Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, "Ağa Məhəmməd şah Qacar" faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb.

Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, "Ədalət qapıları") insan amili ilkindir.

Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Köhnə dudman", "Baba yurdunda" dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayıb.

Onun "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında Əbdürrəhim bəy Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və Təbliğ Teatrında onun məzhəkəintermediyaları uğurla oynanılıb.