Mirzə Fətəli Azundzadə
(1812-10.3.1878)
Milli peşəkar Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə sayılır. O, görkəmli ictimai xadim, filosof-estetik və yazıçı olub. Fəlsəfə elminə "Kəmalüddövlə məktubları" traktatını (1865), "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərini bəxş edib.
Yazıçılığının dörd şaxə-qolu var. "Səbuhi" təxəllüsü ilə şeirlər yazıb. Bu janrda məşhur əsəri "Puşkinin ölümünə Şərq poeması" (1837) sayılır. Klassik janrlarda lirik, ictimai-sosial və satirik şeirlər yazıb.
Nəsr janrında "Aldanınış kəvakib" (1857) kimi inci yaradıb. İkinci adı "Hekayəti-Yusif şah" olan bu əsər realist nəsrimizin ilk nümunəsi sayılır. Bu əsərində yazıçının arzuladığı cəmiyyət haqqında, dövlətçilik, elm və təhsil, mənəvi-əxlaqi problemlər barədə fikirləri öz təcəssümünü tapıb.
Müxtəlif mövzularda fəlsəfi-estetik məqalələr, dramaturgiyaya, poeziyaya aid nəzəri əsərlər yazıb. "Nəzm və nəsr haqqında", "Tənqid risaləsi" (1862), "Mirzə Ağanın pyesləri haqqında kritika" (1871) əsərləri fikir dərinliyinə, forma xüsusiyyətlərinə, məzmun səciyyələrinə görə dəyərlidirlər.
Bütün bunlarla yanaşı, Mirzə Fətəli Axundzadə həm milli, həm də dünya ədəbiyyati tarixində dramaturq kimi daha əzəmətli yer tutur. "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti vəziri-xani-Lənkəran" (1850), "Hekayəti-xırs quldurbasan" (1851), "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara" 1852) və "Mürafiə vəkillərinin hekayəti" (1855) komediyalarını yazıb. Bu əsərlər ədəbiyyat tariximizdə asan və qısa şəkildə "Mola İbrahimxəlil kimyagər", "Dərviş Məstəli şah" (və yaxud "Müsyö Jordan"), "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "Hacı Qara" və "Mürafiə vəkilləri" kimi yazılır. Dramaturqun komediyaları, hamısı bir yerdə "Təmsilat" adlanır.
Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu Axundzadə 1812-ci ildə Azərbaycanın Nuxa (indiki Şəki) şəhərində doğulub. Atası nəslən Təbriz şəhəri yaxınlığındakı Xəmnə kəndindəndir. Babası Xəmnənin kəndxudası olub. Mirzə Məhəmmədtağı, əsasən, ticarətlə məşğul olub və Şəkiyə də bu məqsədlə gəlib. Burada Fətəlinin iki yaşı olanda atası və anası Nanə xanım ticarət işləri ilə bağlı Şəkidən Xəmnə kəndinə köçüblər. İki yaşlı Fətəli də onlarla gedib və yeddi il Xəmnədə yaşayıb. Burada ilk dini təhsil alıb. Anası ərindən boşanandan sonra oğlunu da götürərək 1821-ci ildə Şəkiyə qayıdıb.
Mirzə Fətəli Axundzadə 10 mart 1878-ci ildə ağır ürək xəstəliyindən vəfat edib. Özünün vəsiyyətinə görə onu Tiflisdə, müəllimi Mirzə Şəfi Vazehin məzarı yanında dəfn ediblər.
"Molla İbrahimxəlil kimyagər" Mirzə Fətəlinin ilk komediyasıdır. Elə ilk komediya da onun müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı hansı işıqlı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrin özünü və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib.
"Molla Ibrahimxəlil kimyagər" komediyasında qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır.
Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası müəyyən mənada tarixi xarakter daşıyır. Lakin dramaturqun bu komediyası Azərbaycanın tipik surətlərini indi də siyasi - ictimai kontekstdə, kinayəli sarkazmla, kəskin satira ilə cilalanan və eyni zamanda vəziyyət komediyası janrının estetik prinsiplərinə əsaslanan forma-üslubda yazılıb. Dramaturq tarixi hadisələrin müasir dövrün insani psixologiyası, çağdaşlarının primitiv dünyagörüşləri, zamanın məişət abu-havası ilə həssaslıqla əlaqələndirə bilib. Eyni zamanda komik hadisələrə kəskin ictimai motivlər aşılaya bilib.
Məişət komediyası janrı "Xırs quldurbasan" səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə təcəssüm tapıb. Cəmiyyətdəki ictimai bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik, həm də yumorlu ifadə vasitələri ilə qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə məhkum olan başqa zümrənin mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş hədəfinə çevrilib.
Öyüd-nəsihət verən, insanları pis və bəd, yaramaz və rəzil əməllərdən çəkinməyə çağıran Divanbəyi obrazı Mirzə Fətəlinin "Hacı Qara" komediyasında Naçalnik surəti kimi verilib. Lakin bu komediyasından əvvəl dramaturq bir qədər də siyasi-ictimai səciyyə daşıyan "Lənkəran xanının vəziri" əsərini tamamlayıb.
"Mürafiə vəkilləri" (bəzən "Təbriz vəkilləri" yazılıb) Mirzə Fətəlinin sonuncu dram əsəridir. Dramaturqun bu pyesi 1855-ci ildə yazılıb və komediyadan daha çox dram janrının estetik tələblərinə daha yaxındır. Mirzə Fətəli burada yaşı on səkkiz olsa da, dərrakəsİ, dünyaya açıq gözlə baxması, qətiyyəti, iradəsi ilə seçilən Səkinə obrazı yaradıb. Məhz bu insani keyfiyyətlərinə görə o, nadürüst, haramzada Təbriz vəkilləri ilə mübarizədə, insanlıq haqqı, varislik haqqı, sevib-sevilmək haqqı uğrundakı çətin mübarizədə qalib gəlir.
Mirzə Fətəli Axundzadə əvvəlki beş komediyasında rast gəlmədiyimiz, lakin cəmiyyət üçün xarakterik olan vəkillər Ağa Salman və Ağa Mərdan, bazar darğası Hacı Rəcəbəli, ləçər, bihəya və riyakar Zibeydə, pullu tacir olan, amma haqq mübarizəsində uduzan Ağa Həsən kimi bədii obrazlar yaradıb.
Mirzə Fətəli Axundzadənin komediyaları ("Təmsilat"ı) milli ədəbiyyatımızda yeni janrın bünövrəsini qoyub. Mirzə Fətəli Axundzadənin pyesləri Azərbaycanda qüdrətli dramaturqların yetişib formalaşmaları üçün təməl olub.
|