Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Cəfər Cabbarlı
(22.3.1899-31.12.1934)

Azərbaycan Sovet dramaturgiyasında realizmın banisi Cəfər Cabbarlı sayılır.

Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il mart ayının 22-də Bakı quberniyasının Xızı kəndində (hazırda rayon mərkəzidir) kasıb ailədə doğulub. Kömürçülüklə güzəran quran Qafar kişi gözlərinin nurunu itirəndən sonra acı yoxsulluğa düçar olan ailə məcburiyyət qarşısında Bakıya köçüb. Cəfərin üç yaşı olanda atası dünyasını dəyişib. Külfəti idarə etməyin ağırlığı anası Şahbikənin üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirib və oğluna dini savad vermək istəyib. Şahbikə arvad əvvəlcə Cəfəri kiçik yaşlarında molla məktəbinə verib, lakin sonra flkrini dəyişərək onu Bakıdakı 7 saylı türk - rus (rus-tatar) məktəbinə qoyub. Cəfər 1914-cü il-də 3 saylı ali ibtidai məktəbə daxil olub və üç il orada təhsil keçib. Elə ilk pyesini də bu dövrdə qələmə alıb. Qısa vaxtda dramaturq kimi şöhrətlənib tanınan və əsərləri müxtəlif teatr truppalarında tamaşaya qoyulan Cəfər Cabbarlı təhsilini artırmaq məqsədilə 1917-1920-ci illərdə Bakı Politexnik Texnikumunda (Sənaye Məktəbində) təhsil alıb. Hətta iyirminci illərin əvvəllərində Milli Dram Teatrının repertuarında bir neçə əsərinin oynanılmasına baxmayaraq, Azərbaycan Dövlət Universitetinin Şərq və tibb fakültələrində mühazirələr dinləyib, Bakı Teatr Məktəbində sırf səhnə təhsilinə yiyələnib.

Cəfər Cabbarlı 1920-ci ilin ikinci yarısından "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışıb. 1929-cu ildən isə Milli Dram Teatrında ədəbi hissə müdiri işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

Görkəmli dramaturq 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından qəfildən vəfat edib. Məzarı Fəxri xiyabandadır. Bakıda və Xızıda ev muzeyləri, müxtəlif şəhərlərdə adına küçələr, kinoteatrlar var. Azərbaycan Dövlət Teatr Muzeyi, İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, "Azərbaycanfilm" kinostudiyası Cəfər Cabbarlının adını daşıyır. Özünün sağlığında heç bir dramı kitab şəklində çap olunmayan Cəfər Cabbarlının ilk səhnə əsəri "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" pyesidir. Melodrama janrında işlənmiş bu əsər 1915-ci ildə tamamlanıb. Birinci qələm təcrübəsi olmasına baxmayaraq, pyes janrının estetik prinsipləri baxımından bitkin təsir bağışlayır.

Dramaturqun ikinci dram əsəri "Solğun çiçəklər" pyesidir. Cəfər Cabbarlının 1917-ci ildə tamamladığı dramı ailə-məişət mövzusuna həsr olunub. Konfliktin özəyində var-dövlət və məhəbbət məsələlərinin qarşılaşdırılması qoyulub. Cəmiyyətdə mövcud olan naqis əxlaq normaları, ictimai - siyasi bərabərsizlik, mənəvi paklığa çağırış, aldadılıb təhqir olunmuş məhəbbət duyğularının faciəvi lirizmi, Saranın daxili ülviyyəti və hüzünlü taleyi dramaturji hadisələrin mahiyyətini təşkil edir. 

Cəfər Cabbarlının "Nəsrəddin şah" dramı 1916 və 1918-ci illərdə yazılıb. Pyes tarixi janrdadır və beşpərdəli, yeddi şəkillidir. On doqquzuncu əsrin sonlarında İranda baş verən ictimai-siyasi hadisələrdən bəhs edir. Dramaturji konfliktin mərkəzində 1848-1896-cı illərdə İrana şahlıq etmiş, özü Qacarilər sülaləsindən olan Nəsrəddin şahın hakimiyyətindən və terrorçu təşkilatın üzvü Mirzə Rza Kirmani tərəfindən qətlə yetirilməsindən bəhs edilir.

Cəfər Cabbarlı "Nəsrəddin şah"ın birinci variantından sonra bir-birinin ardınca XX əsrin ikinci onilliyinin müxtəlif tarixi hadisələrindən bəhs edən "Trablis müharibəsi" ("Yulduz, yaxud Trablis müharibəsi". 1917), "Ədirnə fəthi" ("Ənvər bəyin Ədirnə fəthi". 1917), "Bakı müharibəsi" (1918-1919) dramlarını yazıb.

Cəfər Cabbarlı romantik ruhlu "Aydın" faciəsini 1919-cu ildə bitirsə də, onun bədii tutumuna sonralar da əl gəzdirib. Cəmiyyətin mövcud ictimai və əxlaqi qanunlarına qarşı üsyankar harayın faciəvi zəmində təsvirinə həsr olunan bu dram milli dramaturgiyamızda faciə janrının yeni mərhələsinin başlanğıcı kimi də xarakterikdir.

Getdikcə daha aydın hiss olunurdu ki, Cəfər Cabbarlı özünün düşüncə və fikirlərini, fəlsəfi və estetik həyat qənaətlərini ideal qəhrəman timsalında canlandırmaq üçün yeni-yeni dramaturji fəndlərə əl atır, təzə psixoloji münasibətləri mürəkkəb konfliktlərdə sınaqdan çıxartmağa çalışır. Bu baxımdan ədibin 1922-ci ildə tamamladığı, lakin bir il sonra tamaşaya qoyulan "Oqtay Eloğlu" dramı xarakterikdir. Cəfər Cabbarlı bu pyesində daha aydın sosial mövqeyi olan, milli səhnə sənətinin tərəqqisi yolunda apardığı dönməz mübarizəni həyat amalına çevirən, iradə və mətanətcə Aydına nisbətən daha dözümlü görünən Oqtay surəti yaradıb.

Cəfər Cabbarlı "Od gəlini" dramının üzərində bir neçə il işləyib. Əsərin məşqlərinə 1927-ci ildə başlanıb, lakin tamaşa 1928-ci ildə hazır olub. Müəyyən mənada tarixi qəhrəmanlıq dramı janrında işlənən əsər mövzunun estetik həllinə görə tamamilə yenidir və pyes Cəfər Cabbarlının yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Dramın qəhrəmanı Elxan müəyyən mənada tarixi şəxsiyyət olmuş, ərəb istilaçılarına qarşı rəşadətli mübarizə aparmış sərkərdə Babəkin (795-838) prototipidir.

"Od gəlini" faciəsi tamaşaya hazır olanda, 1928-ci ilin əvvəllərində Cəfər Cabbarlı mövzusu çağdaş həyatdan götürülmüş "Sevil" dramını tamamlayıb və teatra verib. Dramaturq bu pyesində sırf realist üslubu seçərək psixoloji-publisist dram janrında maraqlı və aktual, ictimai dəyərli və məişət xarakterli, sosial tutumlu və mənəvi-əxlaqi problemlərə söykənən əsər yazıb.

Mövzusu şəhər mühitindən götürülmüş "Sevil"dən sonra Cəfər Cabbarlı kənd həyatına müraciət edib. Xarakterlərin mübarizə toqquşmalarının əsasında yenicə başlanan kollektivləşmə siyasi-ictimai prosesinin estetik mahiyyəti duran "Almaz" dramını 1930-cu ildə yazıb. Bu əsərdə Cəfər Cabbarlının yaradıcılığında böyük nailiyyət olan və ümumiyyətlə, dramaturgiyamızda ilk dəfə qələmə alınan Hacı Əhməd kimi mürəkkəb xarakter, Şərif, İbad, Baloğlan, Kərbəlayı Fatmanisə, Mirzə Səməndər, Balarza kimi tipik personajlar vardır. Müəyyən publisist quruluğu olsa da, kəndə dərs deməyə gəlmiş 18 yaşlı müəllimə Almaz tipli obrazı da dramaturgiyamızda ilk dəfə Cəfər Cabbarlı qələmə alıb.

Cəfər Cabbarlının xarakter yaratmaq və geniş dramaturji kompozisiya qurmaq səriştəsi onun "1905-ci ildə" dramında başqa istiqamətdə və yeni mövzu-problematika məhvərində özünü büruzə verib. 1931-ci ildə yazılmış dramda ədibin əvvəlki əsərlərində rastlaşmadığımız sadə təbiətli İmamverdi və Allahverdi, şərəfsiz və simasız, mənən murdar Ağamyan, fitnəkar siyasətçi, millətlər arasında təfriqə törədən General-qubernator, onun var-dövlət hərisli arvadı Mariya Timofeyevna, hlkkəli və coşğun, hər şeyə nail olmağı yalnız pulda görən, cırtqoz xarakterli Əmiraslan bəy Salamov, yaltaq və bir qədər də bic Bahadır bəy obrazları koloritli və realdır, duzlu və yumorludur, dramatik cəhətdən təbii və bitkin səhnə surətləridir.

Dramaturq növbəti pyesinin mövzusunu cəmiyyətin yeni Quruculuq yollarında üzləşdiyi çətinliklərə və ictimai-sosial problemlərə həsr edib. "Yaşar" adlanan dramını 1932-ci ildə taınamlayıb. Dramda publisist dəyər üst qatda olsa da, konflikt real və məzmunludur.

Komik-satirik çalarlı "Dönüş" dramını Cəfər Cabbarlı Milli Dram Teatrının 1920-ci ildə yenidən dövlət statusu almasının onilliyinə həsr edib. Pyesdə çağdaş milli teatrda gedən sənətkarlıq proseslərindən, forma və üslub axtarışlarında yeniliklə köhnəliyin mübarizəsindən, peşəkar ixtisas savadına yiyələnməyin vacibliyindən, repertuar siyasətinin bədii təsdiqindən, estetik əsaslarından söhbət açılır.

Cəfər Cabbarlının "Əfqanıstan" və "İncə" adlı tamamlanmamış pyesləri vardır. Dramaturq kiçik həcmli, birpərdəli "Bozbaş qazanı" (1924), "Təzə peşə" (1925), "Yaylağa gedir" (1925), "Doktor gedə bilməz" (1925), "2000 pərdə" və "2000 gecə" (ikisi də 1927-ci ildə yazılıb) vodevil, məsxərə və pyeslərini də yazıb.

O, həmçinin, Reynqold Qliyerin "Şahsənəm", Anton Mailyanın "Səfa" operalarının librettolarını, "Hacı Qara", "Sevil", "1905-ci ildə", "Almaz", "Ölülər" kinossenarilərini yazıb. Özünün hekayəsi əsasında işlədiyi "Sitarə" opera librettosu yarımçıq qalıb.