Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Turabov Həsənağa Səttar oğlu
( Akademik Milli Dram Teatr )

Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.

Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran deyil. Hansının adını çəkəsən: Vahidimi ("Kəndçi qızı"), Azərimi ("Yaxşı adam"), Hamletimi ("Hamlet"), Lionelimi ("Orman qızı"), İsgəndərimi ("Ölülər") Xəyyamımı ("Xəyyam") deyim, hər biri teatrımızın tarixində öz yeri, öz mövqeyi olan əsərlər və rollar idi. Həsən Turabov 60-80-ci illər Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun qəhrəmanlarının aqibətini gözləyərdi. Çılğın aktyor idi. Səsində də bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı.

O, həm də gözəl təşkilatçı idi. Son illər Akademik Milli Dram Teatrına rəhbərlik etmişdi. Böyük bir kollektivin dərin rəğbətini qazanmışdı. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edildi, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyuldu.

Həsənağa Turabov 23 fevral 2003-cü ildə dünyasını dəyişdi

Azərbaycan Dövlət Mükafatı Laureatı (1972)

Azərbaycan Xalq Artisti adına layiq görülmüşdür. (1982)