Nəriman Nərimanov və teatr.
Nəriman Nərimanov 1870-ci il aprelin 14 -də Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori Seminariyasını, 1908-ci ildə Odessa Universitetinin tibb fakultəsini bitirmişdir.
Nəriman Nərimanovun teatr sənətinə böyük marağı onun Tiflisdən Bakıya gəlməsinə səbəb olmuşdur. Bakıda "Nicat" və "Səfa" mədəni-maarif cəmiyyətlərinin nəzdində fəaliyyət göstərən teatr truppalarının fəal iştirakçılarından biri kimi tanınır. Ə. Haqverdiyevin "Dağılan tifaq" pyesinin tamaşasında Nəcəf bəy, N. Qoqolun "Müfəttiş" komediyasında Qorodniçi və digər obrazları ifa etmişdir. (İmran – "Nadanlıq") O, C. Zeynalovla birlikdə özünün yazdığı "Dilin bəlası", yaxud "Şamdan bəy" komediyasına quruluş vermişdir. Onun qələmə aldığı "Nadir şah Əfşar", "Nadanlıq", "Bahadır və Sona" faciələri milli səhnəmizdə maraqla qarşılanan pyeslər olmuşlar. Nəriman Nərimanovun teatr sənətinə böyük marağı onun Tiflisdən Bakıya gəlməsinə səbəb olmuşdur. Bakıda Tağıyev teatrının tikilməsi təhsil görmüş gənclərin burada toplaşmasına şərait yaradırdı. 1886-cı ildə Tiflis Aleksandrovski müəllimlər institutunun son kurs tələbələri Həbib bəy Mahmudbəyov (1864-1928), Sultan Məcid Qənizadə (1886-1937) və Nəcəfqulu Vəliyev M.F. Axundzadənin "Mösyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşasını hazırlayırlar. Rolları: Məstəli şah – S. Seyidov, Mösyö Jordan - S.Qayıbov, Qulaməli – M.Şəkibəyov, Hatəmxan ağa – Ş.Mirzəyev, Şərəfnisə - Kostapova, Gülçöhrə - Rusiyeva, Şahbaz bəy – C.Zeynalov, Şəhrəbanu – N.Vəzirov və d. aktyorlar ifa edirdilər.
1890-cı ildə Bakı milyonçusu Nağıyev də bir teatr binası tikdirdi ki, bu da müsəlman teatr truppaları üçün tamaşalar göstərməyə imkanlar açdı.
1892-ci ildə N.Nərimanov Bakıda ilk dram dərnəyi yaratdı. Lakin bu dərnəyin ömrü qısa oldu. 1895-ci ilin yanvarında N.Nərimanovun "Nadanlıq" pyesi tamaşaya hazırlandı. Bu tamaşada o, İmran rolunu ifa etdi. Bundan sonra o, 1897-ci ildə N.Qoqolun "Müfəttiş" komediyasını tərcümə edərək oktyabrın 15-də quruluş verdiyi bu tamaşanı tamaşaçılara təqdim etdi. Bu tamaşada Nərimanov Bələdiyyə rəisi – rolunu çox böyük məharətlə ifa edirdi. Bu tamaşada Osip rolunda Köçərlinski, Dobçinski – Bədəl bəy Bədəlbəyov, Bobçinski – Əbdüləli bəy Vəlibəyov və digərləri ifa edirdilər.
1898-ci ildə "Müsəlman dram dəstəsi"nin işində Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə ilə birlikdə N.Nərimanov da yaxından iştirak edib, bir sıra maraqlı tamaşalar hazırlayıblar. "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Dağılan tifaq", "Hacı Qara", "Dursunəli və ballıbadı" və s.
N.Nərimanov Ə. Haqverdiyevin 1896-cı ildə yazdığı "Dağılan tifaq" faciəsinin tamaşasında Nəcəf bəyin obrazını məharətlə ifa etmişdir.
N.Nərimanovun aktyorluq istedadı ilə bağlı "Kaspi" qəzetində yazılmişdir:
"N. Nərimanovun uzun müddət teatr səhnəsində işləməsi ona aktyorluq kimi şərəfli bir ad da qazanmışdır. Onun rus dilinə tərcümə edilmiş əsərlərinə rus cammatı da böyük maraqla tamaşa edir." ("Kaspi" qəzeti. 11 fevral 1906-cı il)"Şərqi-rus" qəzeti isə yazırdı: "Dilin bəlası" təsnifi cənabi N.Nərimanov ki, özləri yazdığı komediyanın hər bir fikrinə yaxşı aşinadır. Haman komediya Yusif bəyin rolunu oynamaqla, camaatı o dərəcədə mat və heyran etdilər ki, hər məclis tamam olub pərdə salınan vaxtı cəmi hazirun ıl çalıb ayaqlarını yerə vurur, "bravo, sağ ol!" ilə Nərimanovu çağırıb müsənnəf üçün teatrın səhnəsinə güc və sair belə vüquatı mütədavil şeylər atdılar." ("Şərqi –rus " qəzeti, 11 sentyabr, 1909-cu il)
Tənqidçi Cəfər Cəfərov N.Nərimanovun "Şamdan bəy" əsərinin "Müfəttiş" komediyası ilə yaxınlığını diqqətə çəkib dramaturqun "böyük rus komedioqrafı" N.V.Qoqolun yaradıclığından bəhrələndiyini göstərmişdir." (İ. Kərimov. "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələsi", səh. 57) İnqilab Kərimovun fikirlərinə görə isə "Xlestakov şüurlu avantürist deyil, düşdüyü vəziyyətdən çətinliklə çıxan, axmaqlar və kütbeyinlər içərisində dili açılan, lovğalanan bir yalançıdır. Şamdan bəy isə bilə-bilə, ayıq başla yalan danışan və bu yalanın altından çıxa bilməyib gülünc vəziyyətinə düşən, rəzil, sarsaqlığı ilə diqqəti cəlb edən orijinal bir tipdir." Professor Mehdi Məmmədovun fikrincə "Komediyanın mənfi qəhrəmanları üçün faciədəki ölümlərdən – oddan, zəhərdən, qılıncdan, dar ağacından da müdhiş bir edam vardır, rüsvayçılıq dirəyindən asılmaq, gülüş, məsxərə, nifrət və hiddət hədəfi olmaq". Cahangir Zeynalovun ifasında Şamdan bəy həmin rüsvayçılıq dirəyindən asılırdı.
N. Nərimanovun ifasında Ömər ("Nadanlıq"), "Yusif bəy" ("Dilin bəlası"), Qorodniçi ("Müfəttiş") rollarının maraqlı ifası haqqında müxtəlif müsbət rəylərlə bərabər onun "Dağılan tifaq" faciəsində ifa etdiyi Nəcəf bəy obrazı da müvəffəqiyyətli obrazlardan sayılır. "Azərbaycan türk teatrosunun tarixçəsi"ində yazılmışdır: "Onun kimi bu oynayan indiyə qədər türk səhnəsində görünməyibdir." Təbii ki, bu tərifdə mübaliğə vardır. Ondan sonra Nəcəf bəy obrazının çox gözəl ifaçıları olmuşdur.
N.Nərimanovun dramaturgiyası milli teatrımızın inkişafında xüsusi rol oynamışdır. Onun 1898-ci ildə yazdığı "Nadir şah" faciəsi bir neçə il Qafqaz senzura idarəsində qalmış, oynanmasına icazə verilməmişdir. Dramaturqun davamlı şikayət və etirazlarına görə əsərin çapına icazə verilir. O, 1899-cu ildə "Aror" mətbəəsində əsəri 1200 tirajla çap etdirir. 1905-ci il inqilabından sonra əsərə çox böyük çətinliklə səhnədə oynanması üçün icazə alınır. İlk dəfə əsəri 1906-cı il fevralın 8-də V.İ. Nikulinin teatr truppası hazırlayır. Əsəri rus dilinə Nərimanov özü tərcümə edib, hazırlayanlara da yaxından kömək edir. Tamaşa H.Z.Tağıyev teatrında uğurla qarşılanır.
1906-cı il sentyabrın 8-də "Nadir şah" faciəsinin türk teatr truppasının iştirakı ilə ilk tamaşası oldu. Tamaşada H. Ərəblinski, Məhəmməd xan, Rüstəmbəyov – Nadir şah, Məhəmməd Əlvəndi – Təhmas, Fateh – Cavad, M.Muradov – Rzaqulu, Hüseyn Ağayev – Mirzə Mehdi xan, Bədəl Bədəlbəyov – Gürcü bəy, Axundov – Gülcahan, Bağdadbəyov – Birinci yolçu, Ağayev – İkinci yolçu obrazlarını ifa edirdilər.
|