Nəcəf bəy Vəzirov və teatr
1854-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Bəy nəslindən olan Nəcəf bəyin atası Fətəli bəy cavan vaxtlarından xəstəliyi ilə bağlı əmək qabiliyyətini itirdiyindən ailənin əsas yükü anası Minə xanımın üzərinə düşür. Bu çətin ailə şəraiti Nəcəf bəyin həyata münasibətində də özünü göstərmişdir. O, öz əməksevərliyi, işgüzarlığı, anasına qayğısı ilə demək olar ki, uşaqkən böyük bir qayğı yükü çəkməli olur.
İti dərrakəli Nəcəf bəy həm də maarifə güclü meyl göstərərək üç ayda quranı tam öyrənib (12 yaşında) başa çıxır. Və bir il sonra Şuşadakı Mülkiyyə məktəbinə daxil olur. Lakin burada müəllimin kobud rəftarına dözə bilməyib məktəbi atır və yaxın qohumlarının birinin yanında rus dilini öyrənir. Bundan sonra o, ailəsinə kömək etmək üçün yazı-pozu ilə məşğul olub mirzəlik etməyə başlayır.
Oxumağa olan güclü meyli hər bir çətinliyə üstün gəlir. Nəcəf bəy Vəzirov 1868-ci ildə Bakıda açılan Realni məktəbə daxil olub, həmin dövrdə Azərbaycanda ən mötəbər təhsil müəssisəsi olan gimnaziyada 6 il təhsil alır. 1874-cü ildə gimnaziyanı gümüş medalla bitirib ali təhsil almaq üçün Peterburqa gedir. Müvəffəqiyyətlə imtahan verib universitetə daxil olur. Lakin şəhərin rütbəli havası onun xəstələnməsinə səbəb olur. Maleriya xəstəliyinə tutulan Nəcəf bəy Vəzirov müalicə alandan sonra həkimlərin məsləhəti ilə Peterburqdan Moskvaya gəlib Kənd Təsərrüfatı Akademiyasına daxil olur.
Kasıb həyat sürən Nəcəf bəy Vəzirov uzun illər palaza bürünüb yatdığı üçün ona "dərviş" təxəllüsü veriblər. Bu təxəllüsü dramaturq özü də 1893-cü ildə Şuşada dərc etdirdiyi "Daldan atılan daş topuğa dəyər" pyesinin titul vərəqində də yazmışdır: "İnşayi Dərviş Nəcəf Vəzirzadə" .
Moskvadan Azərbaycana qayıdan Nəcəf bəy Vəzirov əvvəlcə Gəncə quberniyasının Tərtər rayonunda müəllim işləyirdi. Sonralar Dilcana və digər bölgələrdə meşəbəyi vəzifəsində çalışır. 1895-ci ildə Bakıya köçüb və burada vəkilliklə məşğul olur. Bundan əlavə Nəcəf bəy burada müxtəlif mətbuat orqanlarında publisistik məqalələr çap etdirir. "Həyat", "İrşad", "Təzə həyat", "Tərəqqi", "Yeni irşad", "Sədayi – həqq", "El həyatı", "Açıq söz", "Mirat" qəzetlərinin (1905-1918) səhifələrində maraqlı məqalələr çap etdirir.
Nəcəf bəy yaradıcılığında nəsr və publisistika ilə məşğul olsa da, əsas etibarı ilə dramaturgiya ilə məşğul olmuşdur. Yaradıcılığı üç əsas mərhələyə bölünmüşdür:
I mərhələ - 1873-1900-cü illər
II mərhələ - 1902-1913-cü illər
III mərhələ - 1913-1921-ci illər
Yaradıcılığının birinci dövründə tələbə ikən "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb. Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonrakı peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq yağmura düşdük" (Hacı Qənbər) (1895) komediyasını yazır. 1896-cı ildə "Müsibəti Fəxrəddin" faciəsini, 1900-cı ildə isə "Pəhlivanani zəmanə" dramını yazır.
Yaradıcılığıınn ikinci dövrünə "Ağa Kərim xan Ərdəbili" (1902) – Molyerin "Xəsis" komediyasına iqtibas edilmişdir. "Vay Şələküm – mələküm" (1909), "Nə əkərsən onu da biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) kimi səhnə əsərləri yazıb. Fransız əsəri "Vəkil Patalen" vodevilini "Dələduz" adı ilə komediya janrında təbdil edib. O, bu illərdə həmçinin müxtəlif teatr truppalarında rejissorluq və aktyorluq da edib.
Dramaturqun üçüncü dövr yaradıcılığı da məhsuldar olmuşdur. "Pul düşkünü Hacı Fərəc" (1912), "Təzə əsrin ibtidası" (1920) əsərlərini yazmış, "Mehdi bəy Tabarani" pyesini isə tamamlaya bilməmişdir.
|