Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Mirzə Fətəli Axundovun komediyaları yeni tipli teatrın özülü kimi.

Milli peşəkar teatrımızın tarixi 1873-cü il, mart ayının 10 (22) dan rəsmi olaraq qəbul edilmişdir. Bakı Realnı Məktəbinin yuxarı sinif tələbələrinin iştirakı ilə hazırlanan "Lənkəran xanının vəziri" tamaşası sənədlərə əsaslanır. Bu sənədlər isə birmənalı xarakter daşımır. Məsələn, M.F.Axundzadənin şəxsi arxivində göstərilən sənədlərdə  Bakıda göstərilən ilk tamaşa "Lənkəran xanının vəziri" oldugu bildirilir. Lakin Bakı Realni Məktəbinin müdiri Həsən bəy Zərdabinin 1905-ci il 13 dekabr tarixli "Həyat" qəzetində çap etdirdiyi "Müsəlman teatrının binası" adlı məqaləsində göstərilirdi ki, Bakıda göstərilən ilk professional tamaşa "Hacı Qara"komediyasının tamaşası olmuşdur.

1873-cü ildə H.Zərdabinin rəhbərliyi ilə hazırlanan bu iki tamaşanın hazırlıq prosesində aktiv şəkildə iştirak edən tələbələrdən biri də bir qədər sonra M.F.Axundzadənin layiqli davamçısı Nəcəf bəy Vəzirov olmuşdur. Onun da tərcümeyi-halında "Hacı Qara" komediyasının hazırlandıgı haqqında məlumat verilir. O, 1913-cü ildə qimnaziyada oxuduqları zaman hazırladıqları ilk tamaşadan bəhs edərək yazırdı ki:"1873-cü ildə  altıncı klasda oxuyarkən birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayətsiz dərəcədə təsir etdi. Sabahı günü  gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına müraciət edib sordum ki, "aya, bizim dilimizdə teatr əsərləri, məzhəkələr və ya faciələr vardırmı?" Mümileyh mərhum Məlikov M.F.Axundzadənin "Hacı Qara" komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə hazırlamaga başladıq. Hər gün nahardan sonra pansionun nahar otagında hazırlaşırdıq. Bizim hazırlıgımıza H.B.Məlikov cənabları tamaşa edirdi. Amma şagirdləri mən hazırlayırdım. Hacı Qara rolunu Əsgər bəy Adıgözəlov-Gorani oynayırdı(Sabiq Gəncə şəhəri qlavası, mərhum).Mən isə arvad rolu götürdüm".

Nəcəf bəy Vəzirov özünün tərcümeyi-halında yazırdı ki, Zərdabi "Hacı Qara" komediyasının tamaşasının uguru haqqında dramaturqa yazmışdı. Bu məktuba cavab olaraq dramaturqdan iki səhifəlik cavab gəlmişdi. O, minnətdarlıq bildirərək yazmışdı ki: "Bu gün "Hacı Qaranı" səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız".

Əvvəlki mövzuda da, bu mövzuda da göstərmək istədik ki, 1923-cü ilə qədər bütün mənbələrdə milli teatrımızın tarixi "Hacı Qara" tamaşası ilə qəbul edilmişdir. 1932-ci ildə milli teatrın 60 illiyi ilə əlaqədar olaraq nəşr olunan "Azərbaycan Dövlət Bədaye Teatrosu"(İ.Cahangirov) adlı kitabda ilk tamaşa "Lənkəran xanının vəziri" oldugu iddia edilir. Bütün bunların hamısının ümumi qayəsi odur ki, XIX əsrin son rübündə artıq Azərbaycanda Avropatipli teatr yaranmışdı , bu ziyalıların qazandıqları ən dəyərli qələbə idi ki, bu qələbə sözün əsl mənasında xalqı maarifə və mədəniyyətə aparacaqdı. Bu barədə Azərbaycanda ilk ali təhsilli müəllim    kimi fəaliyyət göstərən H.Zərdabi hazırladıgı ilk teatr tamaşasından sonra rastlaşdıgı hədə , təhqir və hədyanlara əhəmiyyət verməyərək yazırdı ki,  "Bunlar bir zaman onlara dost oldugumuzu anlayarlar, məktəbin, teatronun mənfəətini başa düşərlər".

Mirzə Fətəli Axundzadənin komediyaları milli müasir teatrımızın özülü oldu. Bu altı komediya Azərbaycan xalqının XIX əsrdə yaşadıgı sosial, ictimai, iqtisadi və siyasi taleyinin mənzərəsini tam mənada təmsil etdiyi üçün ona  TƏMSİLAT da deyilir. Bu komediyalarda müəllif xalqının agır gün-güzaranına səbəb olan əsl problemləri tənqid hədəfinə çevirmişdir. Bu problemlər müstəmləkə şəraitində yaşayan Azərbaycan xalqının başının bəlası olan savadsızlıq, cəhalət və maarifə-mədəniyyətə etinasızlıq kimi qorxulu münasibətlər idi ki, bu da  Axundzadənin komediyalarında öz maraqlı  ifadəsini tapmışdı.

İctimai xadim, filosof, dramaturq Mirzə Fətəli Axundzadə   (1812-1878) "Kəmalüddövlə məktubları" (1865), "Həkimi-ingilis Yuma cavab", " Yek kəlmə haqqında" və digər fəlsəfi əsərləri ilə dövrünün  sosial-siyasi və ictimai durumuna münasibət bildirmiş, "Səbuhi" təxəllüsi ilə şeirlər yazmış, "Aldanmış kəvakib" (1857) adlı  fəlsəfi əsəri ilə dövlətçilik arzularını  maraqlı bir sənəd olaraq ortaya qoymuşdur. Mirzə Şəfi Vazehin dünyagörüşlərinin sadiq davamçısı olaraq yaşayıb-yaratmışdır. O, həyat hadisələrindən kənar düşmüş, tarixi həqiqətləri təsvir etməyən bəsit ədəbiyyat nümunələrini qəbul etmir, maarifçilik prinsiplərini təblig edən yeni ədəbiyyatın yaranması ugrunda mübarizə  aparırdı. Mirzə  Fətəli yaxşı bilirdi ki, sənət və ədəbiyyat xalqın məfkurəcə tərbiyəsində, vətənpərvərlik duygularının və milli şüurun yetkinləşməsində güclü bir silah olmalıdır. XIX əsrin əvvəllərində Avropada yaranan romantik dramaturgiyanın təsirini nəzərə alaraq ədəbiyyatda dram və roman janrına xüsusi önəm verən   Axundzadə İran diplomatı və yazıçısı Mirzə Mülküm xana yazdıgı məktubda bu məsələyə  belə münasibət bildirirdi: "... Bu gün  millət üçün faydalı və oxucuların zövqləri  üçün rəgbətli olan əsər – dram və romandır." (M.F.Axundov. Əsərləri, II cild. Səh.84. Bakı, 1957 )

Dramatik əsərlərin sənətdə ən geniş və kütləvi xarakterini nəzərə alan Axundzadə "Təmsilatının" müqəddəməsində yazırdı ki,"teatr sənətinin üstün cəhəti odur ki, padşahdan tutmuş fərraşa – yəni ən aşağı təbəqələrə qədər hamının üzünə açıqdır".

Dramaturgiyanı   və  teatrı  zamanın  tələbi hesab edən  Axundzadə bu sənətin Azərbaycanda yeni  məzmun və yeni məfkurə daşimasina üstünlük verirdi.  Çernişevski  sənəti  əsrin tələbi ilə şərtləndirərək, onun yüksəlişini dövrün inkişafı ilə baglayırdı.Axundzadə də   teatr sənətinə bu kontekstdən dəyər verərək,  dramı  "sənətlərin ən şərəflisi" kimi təqdim edirdi. O, bu fikrini  ifadə edərək yazırdı ki: "Dram sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və  qulaq asanları ibrətləndirməkdir".( Əsərləri. II cild, səh. 75. Bakı-1957 ) Mirzə Fətəli Axundzadənin   Mirzə  Mülküm xanın  yazdığı  "Ağa Haşım" adlı əsərinə yazdığı  rəydən bəlli olur ki, o, ədəbiyyatın, xüsusilə də dramaturgiyanın həqiqətən göstəricisi olaraq, xalqın mənafeyini  müdafiə etməsini  ön planda  görmüşdür. Öz nəzəri  fikirlərində  tənqidə daha çox üstünlük verən  M.F.Axundzadə Mirzə Mülküm xana yazdıgı  məktubunda  bildirirdi ki:"Pis iş görməyə adət etmiş insanın təbiətinə kritika üsuli ilə yox, atacasına və mehribancasına yazılmış movizə və nəsihət heç vaxt təsir etməz. Bəlkə insanın təbiəti həmişə nəsihət və movizə oxumaqdan iyrənir, amma kritika oxumaga hərisdir. Ayropa filosoflarının təcrübəsi və qəti dəlillərinə görə sübut olunmuşdur ki, pis və çirkin əməlləri insanın təbiətindən kritika, istehza və məsxərədən  başqa heç bir şey qoparıb çıxaramaz." Bu fikrini əyaniləşdirmək üçün o, Sədinin "Gülüstan"  və "Büstan"əsərlərini nümunə göstərərək  6 yüz ildə iranlıların əxlaqına heç bir təsir etmədiyini diqqətə çatdırırdı. Molyerin, Qoqolun komediyalarının cəmiyyətin eyiblərini canlandırdıgını  və bu eyiblərin ibrət dərsi oldugunu "Yüksək komediyanın"  pozitiv mahiyyəti kimi dəyərləndirən dramaturq  öz komediyalarında da bu prinsiplərə əməl edirdi. Axundzadə öz komediyalarında bayağılıq,  yüngüllük, ədəbsizlik kimi ünsürlərə yol verməmişdir.

Axundzadənin qəhrəmanları heç də  təpədən-dırnağadək mənfi tip deyildirlər. O, öz mənfi tiplərini sevə-sevə islah etməyə çalışmışdır. Burada onun məqsədi cəmiyyəti qəflət yuxusundan oyatmaq, silkələyib hərəkətə gətirmək idi. Elə bu baxımdan onun əsərlərinin əsas mövzusu xalqdır, onun taleyidir.

M.F.Axundzadənin dahiliyi onda idi ki, o, yaratdıgı obrazların xarakterini çox obyektiv və inandırıcı şəkildə yaradırdı.Onun komediyalarında  əsas fikir süjetin inkişafından,  xarakterlərin toqquşmasından doğur.  Konkret  xarakteri, tarixi tipikliyi və milli orijinallıgı ilə yadda qalan bu tiplər heç vaxt tamaşaçıda ikrah hissi yaratmır. Onun müsbət və mənfi qəhrəmanları  inkişafa dogru can ataraq XIX əsrin sonlarında Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Süleyman Sani Axundovun və digər dramaturqların  əsərlərində həyata vəsiqə aldılar. Onun teatra olan münasibətini biz "TƏMSİLAT"ın  müqəddəməsində də görürük.  Əsərin müqəddəməsində yazılmışdır: "...mən  islam aləminə bu gərəkli  teatr sənətini anlatmaq məqsədi ilə bu altı əsərimi yazıb, bir növ özümü imtəhan etdim. İndi onları dost və tanışlarıma da göstərib onlardan nümunə kimi istifadəetmələrini gözləyirəm." (M.F.Axundov. Əsərləri. I cild. Səh.68-69. Bakı-1957.)

M.F.Axundzadənin dramatik sənəti  bu dərəcədə inadla təbliğ etməsi nəticəsiz qalmadı. Yaxın Şərq ölkələrində, Türkiyədə, İranda dram janrında əsərlər yaranmaga başlandı. O, İranlı dostu Mirzə Mülküm xanı bu işdə ruhlandırmaga çalışaraq  yazırdı: "Ümid edirəm ki, öz əsərlərinizi göstərdiyim əsaslara uygun tamamlayıb intişar edəsiniz və bu yolla millətə bir xidmət etməli olasız. Və bu yolla gələcək yeniyetmələrə, istedadlı gənclərə öyrədəsiniz ki, gələcəkdə bu fənnin millətimiz arasında  şöhrəti ucalsın".