Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Teatr sənəti və onun spesifik xüsusiyyətləri.

İncəsənət ictimai şüur formasıdır. İncəsənət əsərləri həyatda və cəmiyyətdə baş verən hadisələri görmək, duymaq,onları dərk etmək üçün bizə yardımçı olur. İncəsənətin bütün növləri həyatın dogru-düzgün inikasını verərək,bizi əhatə edən hadisələrin, insan xarakterlərinin və mövcud ictimai problemlərin mənzərəsini yaradır.Yəni, incəsənət əsərləri həyat hadisələrinin, insan münasibətlərinin doğru-düzgün inikasını verir ki, bu da onların həyata bənzərliyini təmin edir. Belə həyati əsərlər bizim diqqətimizi daha çox cəlb edir, bizi daha dərindən düşündürür.

İncəsənət "bədii təfəkkür" formasıdır. Burada həyat və həyat hadisələri bədii obrazların dili ilə ifadə olunur. Yəni, burada təsəvvür və təxəyyülün xüsusi yeri vardır ki, burada sənətkarın  həyata baxışlarının xüsusi önəmi vardır.Əlbəttə ki, insan obrazları sənətkarları daha çox maraqlandırır. Xüsusilə də bu münasibət    dramaturgiya və teatr sənətində ön planda dayanır.

Teatr sənəti bir sıra xüsusiyyətlərinə görə incəsənətin digər növlərindən seçilir. Birincisi, teatr gerçək həyatı, insan münasibətlərini əks etdirir. Teatr keçmişi və gələcəyi göstərir. Çernişevskinin təbirincə desək: "Teatr-həyatın əyani və canlı dərsliyidir."

Teatrın öyrənmək və öyrətmək qüdrəti çox güclüdür. Onun sehri həyata  bənzərliyindədir. Bədii obraz teatrda xüsusi materialdan yaranır və sənətin başqa növlərində olmayan xasiyyət daşıyır. Teatrda bədii obraz iş, hərəkət, hadisə, hamısı bədii obraza xidmət edir. Bədii səhnə obrazları fərdlərin və tərəflərin münasibətlərindən yaranır. Burada söz, plastika, dinamika, danışıq, sükut-hamısı səhnədə iş görmək  prosesinə xidmət edir. 

Teatr incəsənətin canlı növüdür. Başqa janrlardan fərqli olaraq teatrda obrazlar da canlıdır. Teatrın canlılıq xüsusiyyəti ona sənətin bütün nəvlərindən fərqli üstünlük verir. Bu mənada incəsənətin heç bir növü teatrla müqayisə edilə bilməz. Teatrın canlılıq xüsusiyyəti yalnız və yalnız  teatrın özünə məxsusdur.

Teatr incəsənətin sintetik növüdür. Yəni tamaşa  müxtəlif sənət növlərindən yaranır. Yəni, tamaşada incəsənətin demək olar ki, bütün növlərindən istifadə edilir. Söz sənəti, rəssamlıq, musiqi, rəqs və digər növlərin sintezindən yaranan tamaşanın ərsəyə gəlməsində dramaturqun, rejissorun, rəssamın, bəstəkarın, aktyorun və digər sənət adamlarının əməyi böyükdür. Elə bu mənada teatr incəsənətin kollektiv nüvüdür. Tamaşa, teatrda toplanmış işçilərin hamısının-dramaturqun, aktyorun, rejissorun, bəstəkarın, rəssamın, işıqçının, qrimçinin, dərzinin, səhnə fəhlələrinin, bütün sex işçilərinin kollektiv əməyi, qarşılıqlı köməyi ilə  hasil olan bir sənət əsəridir. Burada iştirak edən hər bir sənətkar tamaşa yaratmaq üçün mütləq vahid bir  fikir ətrafında birləşməlidir. Nəhayət tamaşanın yaranmasında digər bir tərəfin, tamaşaçının rolunu diqqətə çatdırmaq vacib bir şərtdir. Tamaşa  yalnız tamaşaçı qarşısında yaranır. Tamaşaçı burada sözün əsl mənasında aktyorla tərəf müqabili olur. "Tamaşa xalq üçün, tamaşaçı üçündür. Tamaşaçı teatr sənətinin sifarişçisi, istehlakçısıdır, onunla hesablaşmamaq, onun  tələbini ödəməmək, onun zövqünü oxşamamaq mümkün deyil. O, teatrdan  həyat haqqında faydalı məsləhətlər eşitmək, müdrik fikirlər  öyrənmək istəyir. O, ruhən və mənən zənginləşmək niyyəti ilə teatra gəlir. Boş əyləncələr, mənasız və şit gülüşlər bu niyyəti dogrulda bilməz."

Teatr toplu, sintetik sənət növü oldugu üçün o çoxlu və müxtəlif ifadə vasitələrinə malikdir. Burada bədii üsullar, saysız-hesabsız kombinasiyalar və müxtəlif tətbiq formaları mümkündür. Teatrın kollektiv yaradıcılıq təbiəti burada toplaşan sənətkarlardan fikir və iş birliyi, vahid istiqamətli yaradıcı iş tələb edir. Belə yaradıcılıq həmrəyliyinin nəticəsində uğurlu tamaşalar hazırlanır ki, belə tamaşalardan tamaşaçı həmişə razı qalır, ondan dərin zövq alaraq, özünə gərəkli həyat nümunəsi qazanır.