Əzizə Məmmədova və Sona Hacıyevanın səhnə fəaliyyəti.
Əzizə Məmmədova 1892-ci ildə Tiflisdə, xanəndə Əbdülbağı Zülalovun ailəsində doğulub. O, musiqiyə xüsusi maraq göstərərək gözəl qarmon çalmağı öyrənir. Gənc yaşlarında ailə quran Əzizə xanım tez də dul qalıb, əri Salmanın ölümündən sonra körpə qızı Sona ilə ata evinə qayıdır. Onun ailəsi Tiflisdən Aşğabada, oradan da Bakıya (1919-cu ildə) köç edərək burada məskunlaşır. Musiqiyə və ümumiyyətlə incəsənətə böyük maraq göstərən Əzizə xanım Bakıda fəaliyyət göstərən Əbilov, sonra isə Əli Bayramov adına klubların fəal üzvlərindən biri kimi diqqəti cəlb edir. 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı yarandıqdan sonra bu teatrın yaradıcıları Mirzəağa Əliyev və Hacıağa Abbasov tərəfindən bu teatra aktyor kimi dəvət alır. O, 1923-cü ildən başlayaraq Akademik Milli Dram Teatrında da işləməyə dəvət alır və hər iki teatrın hazırladıqları tamaşalarda maraqlı obrazlar yaradır. İstedadlı aktrisa Bakı Türk İşçi Teatrının səhnəsində Anatoli Qlebovun "İncə" pyesinin tamaşasında – Zeynəb Əkrəmzadə, Hacıbaba Nəzərli və Süleyman Rüstəmin "Yanğın" pyesinin tamaşasında – İncə qarı, Süleyman Rüstəmin "Qana qan" tamaşasında Səkinə, Vladimir Kirşonun "Küləklər şəhəri" tamaşasında qadın obrazlarını ifa edir. Aktrisanın ən uğurlu yaradıcılıq dövrünü Milli Dram Teatrında fəaliyyət göstərdiyi illərini hesab etmək daha doğru olar. Belə ki, o, bu teatrın səhnəsində bir sıra çox maraqlı obrazlar yaradaraq teatr tariximizdə özünü əbədiləşdirmişdir. "Vaqif" – Tükəzban (S. Vurğun); "Hacı Qara" – Sona xanım, "Lənkəran xanının vəziri"ndə - Pəri xanım (M.F.Axundzadə), "1905-ci ildə"- Gülsüm, "Almaz"da – Fatmanisə və Xanımnaz, "Yaşar"da – Şərəbanı, "Oqtay Eloğlu"nda – Gülgəz (C.Cabbarlı); "Qardaşlar" – Güllü ( Rəsul Rza); "Yadigar" – Sədaqət xala (İslam Səfərli); "İldırım"da –Lətifə (Cabbar Məcnunbəyov); "Həyat"da – Atlasın anası ( Mirzə İbrahimov); "Müfəttiş"də - Luka lukiçin arvadı ( N.Qoqol); "Özgə uşağı"nda – Marfa (Vasili Skvarkin) ; "Prokurorun qızı" – Anna İvanovna ( Yuri Yanovski); "Dubrovski"də - Terentyevna (Aleksandr Puşkin); "İntervensiya"da – Tokarçuk (Lev Slavin); "Toy" – Zalxa (Sabit Rəhman) kimi obrazlar yaradaraq milli teatrımızın inkişafında böyük əmək sərf etmişdir. Azərbaycan səhnəsində uğurlu fəaliyyəti ilə bağlı olaraq ona 1936-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. O, məlahətli səsi, məntiqli və təbii ifası, çevik improvizə qabiliyyəti ilə tamaşaçıların rəğbət və məhəbbətini qazanaraq, çox mənalı və dəyərli bir səhnə həyatı yaşamışdır.Aktrisa 1961-ci il 14 avqust tarixində Bakıda vəfat etmişdir.
|