Teatr xadimləri
Teatrşünaslar
Vəliyev Ədalət
Vəliyev Ədalət Məqsəd oğlu 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1980-cı ildən başlayaraq respublikanın aparıcı teatrlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Akademik Milli Dram və Azərbaycan Dövlət Rus Dram teatrlarına rəhbərlik edib. 1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin, 2006-cı ildən isə Mədəniyyət və Turizm Nazirinin müavinidir. Azərbaycan Yazıçılar Birliyinin, Respublika Teatr Xadimləri İttifaqı İdarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Respublika Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin, Mədəniyyət Fondunun, İlyas Əfəndiyev Fondunun, «Mədəniyyət» və «Yaddaş» qəzetlərinin, «Mədəni-maarif» və «İncəsənət» jurnallarının redaksiya heyətinin üzvüdür. «Cağdaş Azərbaycan teatrının təşkilatlanma problemləri» mövzusunda dissertasiya müdafiə edib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. «Odlar Yurdu» Universitetinin fəxri professorudur. 2003-cü ildə «Elm» nəşriyyatında «Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri» adlı monoqrafiyası nəşr olunub. 2005-ci ildə «Elm» nəşriyyatında «Teatr sənətimiz: dünən, bu gün, sabah...», 2007-ci ildə isə «Yeni təməl» adlı kitabları nəşr olunub. Müxtəlif mətbuat orqanlarında çap olunmuş onlarla məqalə və publisistik yazıların müəllifidir. 2005-ci ildə Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə «Qızıl dərviş» və «Humay» mükafatlarına layiq görülmüşdür.
|