Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Əfəndiyev İlyas

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır. Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri «xalq düşməni» kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə «kulak» damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, «səs hüququndan» məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər. Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı.

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək «səksən yaşlı qocaya dönmüş» Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunələrini, əfsanə, nağıl və dastanları sinələrində gəzdirən el ağbirçəkləri olmuşlar. İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də «dil tapa» bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi. Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən R.Amundsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi adamların həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı.

İ.Əfəndiyev yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum". Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir. Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur. Lakin yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə etdiyimiz məlumatlar, rayon qəzeti səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir.

Ilyas Əfəndiyev 1996-cı ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.


Ətraflı bax: