Aydın Talıbzadə

Talıbzadə Aydın Ağa Yunus oğlu - teatrşünas, tənqidçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq elmləri namizədi (1989), "Aydın Məmmədov" adına mükafatın laureatı (2001).
Aydın Talıbzadə 1958-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Burada 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator işləmişdir (1975-1976). M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində təhsil almışdır (1976-1981). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983). R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət müzeyində kiçik elmi işçi olmuşdur (1983). Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının dosentidir (1983-cü ildən).
Moskvada "Orta əsrlər Yaxın Şərq teatrının poetikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1989). Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərindən başlamışdır. Dövri mətbuatda məqalə, əsər və rəylərlə çıxış edir. 250-dən çox əsəri ölkəmizdə və xaricdə çap olunmuşdur.
Orta əsrlər Yaxın və Orta Şərq teatrının poetikası istiqamətində elmi tədqiqatla məşğuldur. "Faciə: janrın təyininə dair" (1990), "Ustad və Ayna"(2004), "İslam dünyasında teatr və teatrallıq" (2006, rusca), "Şərq teatr tarixi" (2008), "Mehdi müəmması və ya sənətdə konseptual hamletizm" (2009) kimi kitabların müəllifidir. 2006-cı ildə Y.E.Qolosovkerin "Mif məntiqi" əsərini dilimizə çevirmişdir. Müxtəlif telekanallarda tez-tez çıxışlar edir.
|