Şərifzadə Sadıq Hüseyn oğlu
Əməkdar incəsənət xadimi
Sadıq Şərifzadə 1912-ci il dekabr ayının 5-də Cənubi Azərbaycanda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev Rəssamlıq İnstitutuna daxil olur və burada o, məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevin tələbəsi olur.
1939-cu ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq İnstitutuna köçürülür.
1940-cı ildə Şərifzadə institutun 5-ci kursundan Bakıya qayıdır və yaradıcılıq ilə məşğul olur.
S. Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir.
Yaradıcılığı
1940-1958-ci illər ərəfəsində rəssam bir sıra tarixi və müasir mövzularda rəsm əsərləri yaradır. Şərifzadə "Üzüm yığımı", "Səttar xan fədailərinin Təbrizi müdafiəsi", Sosialist Əməyi qəhrəmanı neftçi – Ağa Neymətullanın, Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq Artisti Mirzəağa Əliyevin portreti, "Göy-göl" mənzərəsi, "Dənizdə neft buruqları", "Xətib Təbrizi və Əbülüla Müərri" və bir sıra xalqın qaynar həyatını təbliğ edən əsərlər yaradır.
S. Şərifzadə Respublikamızda təkçə boyakar rəssam kimi deyil, həm də istedadlı bir teatr rəssamı kimi tanınmışdır. O, hələ texnikuma girməmişdən əvvəl görkəmli teatr xadimləridən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin bədii tərtibini verdiyi Abdulla Şaiqin "Fitnə", Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Qastello", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", İslam Səfərlinin "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", İ. İbrahimovun "Kəndçi qızı" və b. tamaşaçılarda orijinal bir fikir yaradır.
Sərgi və uğurları
1958-ci ildə rəssam XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin obrazını yaradır və bu tabloya görə rəssam Respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.
1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə nümayış etdirmiş və elə həmin ildə ona Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi adı verilmişdir.
|