Soltan Hacıbəyov
(1919 - 1974)
S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur. Yaradıcılıq siması aydınlığı, dünyagörüşü, saflığı, şairanəliyi ilə fərqlənən S.Hacıbəyov musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır, musiqisində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir.
Öz yaradıcılığında Ü.Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirən S.Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir.
S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" (1940) musiqili komediyasıdır. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və fortepiano üçün sonata, İ.Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar (1943) yazır.
Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş "Döyüşçülər nəğməsi", 416 – cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərlərini yazır.
40 – cı illərdə milli simfoniya janrı inkişaf etməyə başlayır. S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.
1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S.Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuara daxil olur.
1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.
Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri ("Yeni il", "Bahar" və s.) vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay – lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı".
Bəstəkarın Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin bir parçası əsasında qələmə aldığı "İsgəndər və Çoban" uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. (Librettosu M.Seyidzadənindir).
1950-ci ildə S.Hacıbəyovun "Gülşən" baleti (libetto Q.Almaszadənindir) meydana gəlir.
Vokal musiqisi sahəsində də çalışan bəstəkar bir sıra xalq mahnı və muğamlarını ("Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi") xalq çalğı alətləri orkestri üçün işləyir.
1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra "Bolqar süitası" və "Çex rəqsi" əsərlərini bəstələyir.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün "Konsert"ini yazır. "Konsert" milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S.Hacıbəyov bir çox tamaşalara - M.İbrahimovun "Məhəbbət", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və İntiqam", M.İbrahimovun "Kəndçi qızı", S.Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərə musiqi bəstələmişdir.
1947-ci ildən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmlşdir.
|