Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Səid Rüstəmov
(1907 - 1983)

S.Rüstəmovun gözəl musiqisi Azərbaycanın hər yerində səslənir. Bu mahnıların şöhrəti Respublikamızın hüdüdlarından uzaqlara yayılmışdır. Sanki insan qəlbinin hərarəti ilə isinən həzin, səmimi mahnılar saysız - hesabsız musiqi həvəskarlarının dərin rəğbətini qazanmışdır. Bəstəkarın təsirli melodiyaları xalq musiqisinin həyatverici qüvvəsini özündə cəmləşdirir və folklora xas olan səmimi xarakter daşıyır.

Mahnı S.Rüstəmov yaradıcılığında əsas yer tutur. Lakin bəstəkar musiqi sənətinin digər janrlarına da diqqət yetirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, S.Rüstəmov Azərbaycan operettasında müasir mövzuya yol açmışdır. Bəstəkar xalq çalğı  alətləri orkestri üçün də əsərlər yaratmaqla onun repertuarının  zənginləşməsinə kömək etmişdir.

S.Rüstəmovun yaradıcılıq fəaliyyəti çoxşaxəlidir . Respublikada ifaçılıq sənətinin inkişafında da onun xidmətləri böyükdür. 30 ildən artıq o xalq çalğı alətləri orkestrinə başçılıq etmişdir.

S.Rüstəmov 1907-ci ildə mayın 12-də Yerevan şəhərində sənətkar ailəsində anadan olmuşdur. O, əvvəlcə Yerevanda  ibtidai məktəbdə, sonra isə Kirovabadda (indiki Gəncədə)  kişi pansionunda təhsil almışdır. 1920-ci ildən o, ailəsilə birgə  Ağdamda yaşamışdır. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərən S.Rüstəmov kiçik yaşlarından pianınoda çalmağı öyrənir. Bu alətin tembrinin gözəlliyi musiqi istedadı olan gənci valeh edir.

Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür. Bəstəkar 1924-ci ildə musiqi məktəbində tar sinfinə daxil olur. Texnikumu bitirdikdən sonra tar müəllimi kimi fəaliyyət göstərir. S.Rüstəmov 30 - cu illərdə ilk əsərləri olan "Bayatı - kürd" fantaziyasını yazır.

Keçən əsrin 30 - cu illərində S.Rüstəmovu dram teatrı üçün musiqi yazmağa dəvət edirlər. M.İbrahimovun "Həyat" pyesinin (1937) musiqi tərtibatı bu sahədə onun ilk təcrübəsi oldu. Sonralar yaradıcılıq fəaliyyətinin müxtəlif illərində Azərbaycan Dövlət Dram teatrının  quruluşçu qrupları ilə fəal əməkdaşlıq edən bəstəkar M.F.Axundovun "Hacı Qara", "Xırs quldurbasan", C.Cabbarlının "Almaz", "Od gəlini", A.Şaiqin "Nüşabə", S.Vurğunun "Vaqif", M.Hüseynin "Nizami", R.Rzanın "Vəfa", Ə.Məmmədxanlının "Şərqin şəhəri", S.Rəhmanın "Toy", "Aydınlıq", "Nişanlı qız"  və s. pyeslərinə  musiqi yazmışdır. S. Rüstəmovun pyeslərə yazdığı gözəl mahnı parçaları səsləndiyi gündən müstəqil şəkildə həyata vəsiqə alır və xalq arasında tez bir zamanda yayılır.

1940-cı il S.Rüstəmovun yaradıcılıq fəaliyyətində mühüm dövr olmuşdur. Bəstəkar musiqili səhnə janrına müraciət edir və onun artıq bir sənətkar kimi püxtələşdiyini nümayiş etdirən "Beşmanatlıq gəlin" musiqili komediyasını yazır.

Böyük Vətən müharibəsindən sonra S.Rüstəmov "Durna" adlı 2 - ci musiqili komediyasını yazır. Bu komediya Azərbaycan bəstəkarlıq məktəbinin ən dəyərli əsərlərindəndir. Komediyada ağır sınaqlardan sonra dinc yaradıcılıq həyatına qayıtmış xalqımızın ruh yüksəkliyi əks etdirilir. "Durna"nın librettosunu şair S.Rüstəm yazıb. Bəstəkar eyni zamanda, xalq çalğı alətləi üçün də musiqi bəstələyirdi. S.Rüstəmovun 1946-cı ildə yaratmış  olduğu "Azərbaycan" süitası onun ən gözəl əsərlərindən biridir.

Lakin S.Rüstəmovun yaradıcılığında mahnı digər janrlardan fərqli bir yer tutur. Bəstəkar post - sovet məkanında insanların əməyindən bəhs edən kütləvi mahnılara daha çox diqqət yetirirdi. Bu cəhətdən Z.Cabbarzadənin sözlərinə yazılmış "Sürəyya" mahnısı, "Sumqayıt" (sözləri N.Cəfərovundur), "Komsomol" (sözləri T.Əyyubovundur), "Mən sülhə səs verirəm" mahnıları (sözləri H.Hüsyenzadənindir) yarandığı gündən dillər əzbəri oldu.

Səid Rüstəmov S.Rüstəmin şeirlərinə dəfələrlə müraciət etmişdir. Bunlardan lirik qadın rəqsini xatırladan "Məhəbbət", əhval - ruhiyyəsinə görə ona yaxın olan "İlk bahar", "Qurban adına" mahnıları (sözləri S.Rüstəmindir) xüsusi mataq oyadır. "Gəl" (sözləri N.Babayevindir) və "Haralısan" mahnıları isə oynaq, incə xalq rəqsləri ruhunda yazılıb. "Alagöz" mahnısı (sözləri Z.Cabbarzadənindir) sadə və məlahətlidir.

S.Rüstəmovun ən gözəl lirik mahnılarıdan olan "Gəlmədin" mahnısı (sözləri Ə. Əlibəylinindir) baş tutmayan ilk görüş haqqındadır. Mahnının medodiyası sadə, səmimi və axıcıdır. Mahnı özünəməxsus yüngül danışıq - avaz tərzində başlanır, sonra bundan da incə yalvarışlı, intizar ifadə edən səlis nəğmə yaranır.

Daim yaradıcılıq axtarışında olan S.Rüstəmov Əlizadənin librettosu əsasında "Rəisin arvadı" musiqili komediyasını yazır. Əsər 1961-ci ildə səhnəyə qoyulmuşdur.

S.Rüstəmovun yaradıcılığı milli musiqi mədəniyyətinə üzvi surətdə daxil olaraq, musiqi sənəti xəzinəsini zənginləşdirmişdir.