Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Əfrasiyab Bədəlbəyli
(1907 - 1976)

Ə.Bədəlbəyli Azərbaycan musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, musiqişünas, dirijor, musiqi ictimai xadimi kimi daxil olmuşdur.

Bəstəkarın yaradıcılığının ana xəttini səhnə əsərləri təşkil edir. Lakin onun ən böyük tarixi nailiyyəti milli musiqi mədəniyyətində balet janrının əsasını qoyaraq "Qız qalası" baletini yaratmasıdır. Ə.Bədəlbəyli 1907 – ci il aprelin 19 – da Bakıda müəllim ailəsində anadan olmuşdur.

O, Azərbaycan Dövlət  Universitetində şərq fakültəsinin linqvistika şöbəsində təhsil almışdır. 1930-cu ildən Bədəlbəyli musiqiyə həvəs göstərərək,  bir dirijor  kimi  S.M.Kirov adına  Leninqrad  opera və balet teatrında baş dirijorun assistenti kimi təhsilini davam etdirir. 1932-ci ildə o, Moskva Konservatoriyasında K.Saradjevin dirijorluq, 1938-ci ildə B.İ.Zeydmanın kompozisiya siniflərini  bitirir. Hələ musiqi təhsilini bitirməmiş Ə.Bədəlbəyli M.F.Axundovun "Hacı Qara",H.Cavidin "Səyavuş", C.Cabbarlının "Od gəlini", "Almas", "1905 ildə", "Sevil" pyeslərinə musiqi bəstələyir.
Bəstəkarın simfonik janrda yazılmış əsərlərindən təntənəli marşı, "Bütün hakimiyyət Sovetlərə" simfonik poemasını qeyd etmək lazımdır.

1941 – ci ildə B.Zeydman və Ə.Bədəlbəyli "Xalqın qəzəbi" bir pərdəli qəhrəmanlıq plakat-operasını yazır. 1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 5 pərdəli "Nizami" operasını bəstələyir (libretto - M.S.Ordubadinin və müəllifindir).

Ə.Bədəlbəylinin yaradıcılığında "Söyüd ağacı ağlamaz" operası da mühüm yer tutur. Bu əsərə yazdığı librettoya görə Ə.Bədəlbəyli müasir mövzuya həsr edilmiş Ümumittifaq libretto müsabiqəsində 2 – ci mükafata layiq görülür. Ə.Bədəlbəyli  həmçinin S.Ələsgərovun "Bahadur və Sona", B.Zeydmanın "Qızıl açar" , Ə.Abbasovun "Qaraca qız" baletlərinin də librettosunun müəllifidir.

30 – cu illərdə musiqi səhnə janrının opera ilə bərabər ən böyük nailiyyəti baletin yaranmasıdır. M.F.Axundov adına teatrın güclü balet truppası vardı. Burada fəaliyyət göstərən baletmeysterlərdən M.Moiseyev, V.Smoltsev, artistlərdən Q.Almaszadə, Boyman, T.Qlass və b. qeyd etmək lazımdır.

Balet truppasının professionallığı, xalq rəqslərindən opera əsərlərində geniş istifadə – bütün bunlar balet tamaşasının yaranması üçün zəruri şərait hazırlamışdı. 1940-cı ildə Ə.Bədəlbəylinin C.Cabbarlının eyniadlı poeması üzrə yazılmış "Qız qalası" baleti tamaşaya qoyulur. Azərbaycan xalqının qədim tarixi haqqında lirik dramatik əfsanə olan bu baletdə ilk dəfə olaraq, milli musiqi xoreoqrafiyamızın əsas prinsipləri qeyd edilmiş, xalq rəqsləri ənənəvi balet formaları ilə sintez halında təqdim olunmuşdur.

Bəstəkarın ən böyük nailiyyəti ənənəvi baleti milli musiqimizin fərdi xüsusiyyətlərilə təmin etmək və əsəri xalq rəqs səhnələrilə zənginləşdirmək oldu.

Ə.Bədəlbəylinin yaradıcılığının ən səmərəli səhifələri musiqi tənqidi, tarixi - nəzəri məsələlərilə bağlıdır. O, 300 - dən artıq məqalənin müəllifidir. Bəstəkarın Q.Pirimov (Bakı 1955), M.F.Axundov adına "Azərbaycan Dövlət Opera və Balet teatrı" (Q.Qasımov ilə birgə, Bakı, 1959) kimi əsərlərini qeyd etmək lazımdır. 1956-cı ildə Ə.Bədəlbəyli Azərbaycan musiqişünaslığına yeni bir hədiyyə "Musiqi lüğəti"ni bəxş etmişdir. Bu əsər çox böyük elmi dəyərə malikdir, milli musiqişünaslığımızı bəzəyən ən qiymətli əsərlərdəndir. "Lüğət" üç hissədən ibarətdir. Burada müəllif həm dünya, həm də milli musiqimizdə meydana çıxan terminlərə açıqlama verir, orta əsr musiqi tarixindən, o dövrdə meydana çıxan musiqi traktatlarından, milli musiqi janrlarından, görkəmli xanəndələrdən məlumat verir. Ə.Bədəlbəylinin coxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin qiymətli səhifələrini təşkil etmişdir.